ATİAHİ RK “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

21:37 15-01-2024 | icon 1097
ATİAHİ RK “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
(ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman
yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın,
Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə
yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika
Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə
yarışların qalibləri iştirak ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin
və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman
yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz
xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin
zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm
ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri
tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim
və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların
bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ
Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda
bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə
alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş,
idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.

Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş,
1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman
məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi
ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra
da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.
Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını
qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin
inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları
imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması
istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir
və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan
uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar
təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr,
müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar,
spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil
işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan
sonra da davam etdirmək əzmindəyik”.
Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında
keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri
arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.
Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas
təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom
və idman forması təqdim olunub.


Digər xəbərlər

0.20894718170166