Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirilib

21:42 15-01-2024 | icon 796
Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qubada keçirilən “İdman paytaxtı 2024”ün açılış mərasimi olub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.

Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq çıxış edən İlqar Mahmudov Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirildiyini deyib: “Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Qubada ilk dəfə keçirilən "Quba - İdman Paytaxtı 2024” idmanda ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gənclərimizin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmaları bizim üçün çox önəmlidir”.

Fərid Qayıbov da idmançıların daim dövlətin qayğısını hiss etdiklərini diqqətə çatdırıb: “Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən nüfuzlu yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyələrinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.

Çıxışlardan sonra “İdman Paytaxtı 2024”ün “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olunub.

Ardınca nazir Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib.

Daha sonra basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat, nərd, velosiped, kəndirdartma, kyokuşin, mas-reslinq və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir bədii hissə ilə davam edib.


Digər xəbərlər

0.29659700393677