Səttar Möhbalıyev: “Fransa destruktiv addımları ilə regionunda gərginlik yaratmağa cəhdlər edir”

09:10 19-01-2024 | icon 199
Səttar Möhbalıyev: “Fransa destruktiv addımları ilə regionunda gərginlik yaratmağa cəhdlər edir”

“Fransa Senatı yanvarın 17-də hökumətin Azərbaycana qarşı sanksiya tətbiq
etməsi ilə bağlı gülünc qətnamə qəbul edib. Bu mənasız sənədin erməni lobbisinin
təhriki ilə atıldığı heç kimdə şübhə doğurmur. Həmçinin sübut edir ki, Fransa
hökuməti və parlamenti orada yaşayan ermənilərin əlində bir oyuncağa çevrilib.
İstədikləri qərarı qəbul etdirir, istədikləri yanlış yola yönəldirlər. Təbii ki, bu da
səbəbsiz deyil, çünki bu qətnaməni hazırlayanlar, qəbul olunmasına səs verənlər
erməni lobbisindən, sözün əsl mənasında, qidalanırlar. Odur ki, proseslərə erməni
lobbisinin gözü ilə baxır, onlar kimi düşünür və qiymət verirlər. Sözsüz ki, bu
qətnamə könül bulandırsa da, onun Azərbaycana heç bir təsir gücü ola bilməz və
hüquqi məzmun daşımır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə Fransa Senatının
Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qətnamənin qəbul olunması üçün ortaya atılan
arqumentlər də tamamilə yalan və böhtandır: “Qarabağın erməni sakinlərinin
bölgəni könüllü, Azərbaycan tərəfinin heç bir təsiri olmadan tərk etdiyi beynəlxalq
təşkilatlar, o cümlədən BMT missiyası tərəfindən təsdiqlənib, Avropa Şurasının
İnsan hüquqları üzrə komissarının hesabatında etiraf olunub. Burada insan hüquq
və azadlıqlarının pozulmasından da söhbət gedə bilməz. Eləcə də rəsmi Parisi
narahat edən məqam onun Azərbaycan tərəfindən Cənubi Qafqazda çirkin
siyasətinin iflasa uğradılmasıdır. Çünki 30 il hər cür dəstək verdiyi, havadarlıq
etdiyi Ermənistanın işğal siyasəti məhv edildi. Bugünkü çabaların isə heç bir
nəticəsi olmayacaq”.

“Mən hesab edirəm ki, ümumiyyətlə, Fransa kimi dövlətlərin insan
hüquqlarından, insani dəyərlərdən danışmağa heç bir haqqı çatmır. Buna ən
azından onların qara keçmişi, törətdikləri insanlıq əleyhinə cinayətləri imkan
vermir. Tarixin vərəqlədikcə ancaq qarşımıza 50-dən çox dövləti işğal etmiş,
sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış bu ölkənin vəhşilikləri,
soyqırımıları, müharibə cinayətləri çıxır. Təkcə müstəmləkə illərində Fransa silahlı
qüvvələri tərəfindən yüz minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə
öldürülüb. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir. Buradan
məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki,
Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir”, -
Səttar Möhbalıyev vurğulayıb.
“O ki qaldı sanksiyalara bu, demək olar ki, kökündən yanlışdır. Qəribəsi odur
ki, senatorlar hələ də Azərbaycanın regionda real güc sahibi olduğunu anlamırlar.
Görmürlər ki, Azərbaycandan icazə almadan regiona girmək olmaz, çünki hər
cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ
bilməz. Azərbaycan eləcə də dünya üçün, o cümlədən də Avropa üçün ən vacib
ölkələr sırasındadır. Fransa əgər Şərqdən Qərbə, Şimaldan Cənuba hərəkət
edəcəksə, yolu mütləq Azərbaycandan keçəcək. Odur ki, sanksiya ilə əslində
özünün regiondakı maraqlarına zərbə vurmuş olacaq. Bir də ki, belə ucuz oyunlarla
Azərbaycanı heç kim ədalətə söykənən yolundan döndərə bilməz, haqq işinə kölgə
salmağa gücü çatmaz. Bir sözlə, Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi,
bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil”, - AHİK sədri əlavə
edib.


Digər xəbərlər

0.23181700706482