Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ

18:56 24-01-2024 | icon 653
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ

Ötən həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında II Qarabağ müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşasının növbəti nümayişi gerçəkləşdi. 44 günlük savaşda həm Vətən uğrunda canlarını fəda edən oğullarımızdan, həm də o cür igidləri yetişdirən anaların fədakarlığından geniş söhbət açılırdı. Səhnə əsərinin quruluşçu-rejissoru Samir Qulamovdan əsrnəyə gətirdiyi pyes haqqında qısa söhbətimiz alındı.


- "Bir nəfəs qədər" tamaşasının növbəti nümayişi "Qanlı yanvar" faciəmizin 34-cü ildönümündə növbəti dəfə izlədik. Səhnə əsəriniz artıq teatrın repertuarından düşmür. Ərsəyə gətirdiyiniz tamaşa haqqında fikirləriniz maraqlıdı ...

- "Bir nəfəs qədər" tamaşası 44 günlük müharibədəki zəfərimizin 1-ci ildönümü münasibətiylə hazırlanmışdı. Səhnə əsərinin ideya müəllifi teatrımızın direktoru Əliqismət Lalayevə, müəllifi, quruluşçu-rejissoru isə mənəm. Pyesi 14 günə yazmışam. Artıq 3 ildi tamaşa teatrımızın repertuarındadı. "Bir nəfəs qədər" tamaşasını həm Vətən uğrunda canlarını fəda edən qəhrəmanlara, həm də onları Azərbaycanımıza bəxş edən analara həsr etmişəm. Qadın obrazını xüsusi qabartmışam. Çünki övladı dünyaya gətirən, onu qidalandıran, tərbiyə edən, cəmiyyətə hazırlayan anadı. Ata nə qədər övladına yaxın olmağa çalışsa da, ana qədər yaxın ola bilmir. Ona görə də analarımız fədakarlığına səhnə əsərində başlıca meyara çevirmişəm.

- Tamaşadakı Vətən, Fədai, Əli şəhid obrazlarını canlandırır. Onların adları da diqqət çəkdi. Bu adların xüsusi anlamı varmı?

- Vətən adındakı qəhramanımızın Vətən yolunda döyüşə yolanmasını, Fədainin özünü xalqı və dövləti yolunda necə fəda etməsini göstərmək istəmişəm. Əli isə şəhidimiz Əliağa Məmmədov ittihaf olunur. O, vaxtilə teatrımızda işıqçı işləyib. Ona görə tamaşamda onun da obrazını verməklə necə qəhramanımızın olmasını vurğulamaq istəmişəm.

- "Bir nəfəs qədər" tamaşasıyla ölkə xaricinə qastrol səfərləri planlaşdırırsızmı?

- Bu tamaşamla bir dəfə İranın Tehran şəhərində təşkil olunan "Fəcr" Beynəlxalq Teatr Festivalında da nümayiş olumuş və "Ən peşəkar tamaşa" mükafatına layiq görülmüşük. Çox istəyərdim ki, səhnə əsərim Türk dilli ölkələrində də nümayiş olunsun. Əslində "Bir nəfəs qədər"in Türkiyənin və Qazaxıstanın şəhərlərində nümayişi gözlənilirdi. Amma nədənsə alınmadı. Buna rəğmən nikbinəm, inanıram Türk dünyasında tamaşamla qastrol səfərləri keçirəcəyik.

- Siz daha çox xarakterik tamaşalar quruluş verən rejissor kimi diqqət çəkirsiz. Yenidən müharibə mövzusuna qayıtmağı düşünürsüzmü?

- Koronavirus pandemiyası zamanı teatrımız fəaliyyət göstərmədi. Ona görə də müharibəylə bağlı bir neçə video çarxlar çəkdim. Onlar arasında "Böyük qayıdış", "Əsirlikdən qayıdan lampa", "Təki vətən sağ olsun", "Laçına ithaf", "Sündü" və digərlərini adlarını qeyd edərdim. Yəni, müharibə mənim üçün daim aktual mövzudu. Gələcəkdə də Vətən müharibəsiylə, qəhramanlarımızla bağlı tamaşalar, filmlər lentə almağı düşünürəm.

- Yaxşı maliyyə dəstəyi olsa, müharibə mövzusu ilə bağlı tammetrajlı bəddi film çəkməyi düşünürsüzmü?

- Təvazökarlıqdan uzaq olmasın, mənim 3 ali təhsilliyəm. Onlardan biri də "kinorejissorluq"du. Əlbəttə ki, lazımi sponsor dəstəyi olsa, müharibə mövzusunda bədii film çəkməyi çox istəyərəm.

- 2024-cü ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrını yeni tamaşanız zənginləşdirəcəkmi?

- Bəli, teatrımızda bu il yeni səhnə əsərimin nümayişi olacaq. Hazırda pyesim üzərində son qeydlərimi etməkdəyəm. Gələcək tamaşa əsərimin adı belədi - "Anna Karenina öldü". Dahi rus yazıçısı Lev Tolstoyun "Anna Karenina" romanından bəhrələnsəm də, pyesimdə motivlər fərqlidi. Orda həm realistik, həm də mistik çalarlar var. Belə ki, vaxtilə Anna Karenina obrazını canlandıran çox gözəl bir aktrisanın faciəsindən danışılır. Bu sənətkar xanımı müəyyən səbəblərə görə teatrdan uzaqlaşdırırlar. Bundan sonra onun həyatında depressiyalar, yalnızlıq, faciələr baş verir. Ən maraqlı məqam da odur ki, aktrisa tənhalıq içərisində öləcəyini bilir və dünya ilə vidalaşmağını xoş qarşılayır. Necə deyərlər ölümü sevir. Qismət olsa, bir neçə aydan sonra əsərim səhnəyə qoyulacaq. Düşünürəm ki, teatsevərlər üçün maraqlı tamaşa olacaq.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26718497276306