“İkili standartlar” siyasəti

18:12 25-01-2024 | icon 337
“İkili standartlar” siyasəti

 Avropa Şurasının Parlament Assambleyası nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Bununla əlaqədar AŞPA-dakı nümayəndə heyəti düzgün qərar verərək bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qeyd edilib ki, qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyildir. Avropanın bir çox aparıcı dövlətlərini Azərbaycanın 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi zamanı öz torpaqlarını işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında qazandığı Qələbəni daha da möhkəmləndirərək ərazi bütöblüyünü tam şəkildə bərpa etməsi, ölkəmizin inkişaf və tərəqqisi ciddi narahat etməyə başlayıb, müxtəlif səviyyələrdə gizli və açıq təzyiqlərə, çirkin kampaniyalar aparmağa başlayıblar. Aydın görünür ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Buna görə də belə çirkin əməllərə əl atır.

AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə destruktivlik nümayiş etdirir. Etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsilə bağlı həqiqəti təhrif etməyə çalışır. Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın göz qarşısında sərgilənirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi.

Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışacaqlarını zənn edirdilər. Lakin Azərbaycan Nümayəndə Heyəti çox haqlı qərar verdi – bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Nümayəndə Heyətinin bəyanatında da qeyd edildiyi kimi, “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamadı. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquq norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti Azərbaycan mövqeyindən çıxış edir.

 

Elnur Atakişiyev,

Lənkəran-Astara Regional Mədəniyyət

 İdarəsinin Cəlilabad nümayəndəliyi


Digər xəbərlər

0.27454614639282