"Qəbələ" azarkeşi etiraz edir: "Turnir cədvəlinin dibində olmağı haqq etmirik"

18:19 25-01-2024 | icon 709

2 gün əvvəl Misli premyer-liqasında 19-cu tura yekun vuruldu. "Qəbələ" - "Sumqayıt" görüşününün nəticəsini azarkeşlər birmənalı qarşılamadı.

Azeripress.az xəbər verir ki, bölgə təmsilçisinin məğlubiyyəti ilə başa çatan oyunda yerli azarkeşlər "qırmızı-qaralar"ın çıxışından narazı qalıb. 2005-ci ildən "Qəbələ"yə fanatlıq edən və komandanı ən ağır günlərində belə yanında olan Elvin Əliyev "kimyaçılar"la matçdan sonra bunları dedi:

"Sumqayıtla oyundan sonra görsəndi ki, komanda qış fasiləsinki təlim-məşq toplanışı yaxşı keçməyib. Meydanda futbolçuların ruh yüksəkliyi, döyüşkənliyi yox idi. Hamıda düşüb Elmar Baxşıyevin üstünə. Bu gün "Qəbələ"nin tənəzzülündə əsas günahkar Elmar müəllim və onun köməkçiləri deyil. Çünki baş məşqçinin işinə qədər başqa sahələrin və şəxslərin öhdəlikləri var ki, onlar fəaliyyətində səriştəsizliyə yol veriblər. Komandanın seleksiyaçılar, menecer və baş meneceri daha çox qınanılmalıdı. Nə üçün komandaya fayda verəcək legionerlər cəlb olunmadı? Komandanın ötən ilki əsas heyətindən bəzi oyunçuları əldə saxlamaq üçün niyə təşəbbüslər edilmədi? Bu gün Osama Xalayla, Lukas Afriko, Zurab Oçiqava, Gilad Abramov və digər transferlərin kluba heç bir faydası yoxdu. Onlar "Qəbələ"yə gələnə qədər əvvəlki komandalarında doğru-dürüst oynamayıblar. Belə keyfiyyətsiz oyunçular pul tökməkdənsə, Santos, Maçado, Alimi, Renatonu kimi komandanın özəyini təşkil edən futbolçuları saxlamaq lazım idi. Bu gün görünən odur ki, "qırmızı-qaralar"da liderlik bacarığı olan oyunçular yoxdu. Mən 20 ilə yaxındı ömrümü bu klubla bağlamışam, amma hələ indiki kimi zəif, ruhsuz, cabalayan "Qəbələ" görməmişdim. Əlbəttə futbolda yalnız qələbələr olmur, məğlubiyyət seriyalarının baş verməsi normaldı. Ancaq daha zəif oynamaqla yenilgi qəbul olunmazdı, hazırda turnir cədvəlinin dibində olmağı haqq etmirik. Söz yox ki, çümpionatın 1-ci dövrəsində olduğu kimi "Sumqayıt"la oyunda da hakim səhvinin qurbanı olduq. Epizoda dəfələrlə baxmışıq, amma anlaya bilmirik qapımıza niyə penalti təyin olundu. Yəni, futbolumuzda referilərin qeyri-peşəkarlığı, qərəzli yanaşmaları azalmaq əvəzinə çoxalır. Biz klub rəhbərliyini, transfer siyasətini, hakim səhvlərini vurğulamaqla heç də özümüzü kənara qoymuruq. Bu gün "Qəbələ" zəif çıxış edib, 10-cu pillədə gedirsə, biz azarkeşlərin də günahı var. Amma fanatların dəstəyinə qədər olan fəaliyyətlər aradan qaldırılmalıdı. Komandaya faydalı futbolçular cəlb olunmalıdı. Biz məhəllə futbolu oynamırıq. Peşəkar klubun uğurlu nəticələrinin meyarından biri yaxşı transferlərdi. Qış fasiləsində cəmi 1 futbolçu - Klesio Baukla güclənmişik. O, əvvələrdə bizdə oynadığında qaradərili oyunçunun bizə fayda verəcəyinə inanırıq, amma mozambikliylə iş bitmir. Klub rəhbərliyi başını qaldırıb ciddi işlər görməlidi. Əks təqdirdə "Qəbələ" elitada olmayacaq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.2474091053009