2 fevral - Azərbaycan Gənclər Günü

11:39 03-02-2024 | icon 872
2 fevral - Azərbaycan Gənclər Günü

Azərbaycanda 2 fevral - Gənclər Günüdür. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycan bu sahədə də bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsi qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. 2002-2003-cü illərdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin qəbul edilməsinin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və digər proqramlar hazırlandı. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verdi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Fərmanla qüvvəyə mindi.

Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Son illərdə Bakıda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Masallıda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya kompleksləri tikilib istifadəyə verilib, 2005-ci və 2008-ci illərdə Bakıda Azərbaycan gənclərinin forumları təşkil edilib. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Əziz gənclər bayramınız mübarək!

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

 

 


Digər xəbərlər

0.2474319934845