Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

10:48 06-02-2024 | icon 546
Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir irəliləyiş əldə edilmədi. Azərbaycan torpaqlarının işğaldan azad olunmağı ləngidildi və öz yurd yuvalarından qovulmuş məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana heç bir təzyiq göstərilmədi və heç bir sanksiya tətbiq edilmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma rəsmi İrəvan buna adekvat reaksiya vermədi. Buna görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü. Beləliklə Azərbaycan Respublikası sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı oldu.

   2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli Bəyanat daxilində Ermənistan üzərinə düşən bir sıra öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırırdı. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Buna görə də antiterror tədbirləri qaçılmaz idi. Bundan başqa ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə böyük zərbə vurmuşdur. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, desək, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur.Bu baxımdan da iki ölkənin sərhədlərində bir neçə aydır ki, sülh şəraiti hökm sürməkdədir. Lakin bu prosesin lazımi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalıdır. Bununla da Ermənistanın Azərbaycana qarşı yönəlmiş olan ərazi iddialarına birdəfəlik son qoyulmalıdır. Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində bir sıra dəyişikliklər olduğu halda sülh prosesinin gerçəkləşməsinə nail oluna bilərik. Hal-hazırda Ermənistanda bu mövzu ətrafında ölkədaxili müzakirələrə start verilməsi sülh prosesinin gerçəkləşməsi üçün müsbət addımdır.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

 

 


Digər xəbərlər

0.23563408851624