"Göyəzən" Mehdi Salmanovu yaşadacaq

18:27 06-02-2024 | icon 1385

Üç gün əvvəl Region Liqasında 2-ci dövrəyə start verildi. Çempionatın Şimal-Qərb və Şimal zonasında mübarizə aparan "Göyəzən" doğma meydanda "Şəki"ni 9:0 darmadağım etməklə həm mövsümdə böyük hesablı qələbəsini qazandı, həm də vahid liderliyini möhkəmləndirdi. Hazırda Qazax təmsilçisi ən yaxın izləyicisindən 5 xal öndədi. Doğma yurdumun komandanın bu qələbəsi, liderliyi nə qədər xoş olmasına baxmayaraq, məyusluq da keçirirəm. Belə ki, hazırkı uğurları görməli olan, amma vaxtsız vəfat edən Mehdi Salmanov artıq 16 gündü soyuq torpaq altındadı. "Dağlılar"ın doğma publika önündə rəqibi üzərindəki son qələbəsi mənə Mehdi müəllimlə 20 oktyabr 2023-cü ildə AFFA-ın mənzil qərargahında Region Liqasının püşkatma mərasimindəki görüşümü xatırlatdı. Belə ki, "Göyəzən"in təsisçisi püşkü qiymətləndirərkən dedi:

"Yaxşı ki, ilk oyunu səfərdə keçirəcəyik. Çünki uşaqları mövsümə ağır səfər görüşüylə başlayıb, uğurlu nəticə qazanmağı vacibdi. "Şəki"ni məğlub etməyə çalışacağıq".

Çempionatın startı müəyyən səbəblərə görə yubanmasına rəğmən Azərbaycan folklorunun paytaxı hesab olunan yurdun komandası "Şəki" səfərində 0:2 hesablı qələbə qazanmaqla mövsümə uğurla başladı. Bu qələbə başda Mehdi müəllim olmaqla bütün qazaxlıları sevindirdi. Təəssüflər olsun ki, bu görüşdən sonra Mehdi müəllim səhətiylə əlaqədar xəstəxanaya yerləşdirildi və "Göyəzən"in matçlarını canlı izləyə bilmədi. Xəstəliyin daha da irəliləməsinə rəğmən bölgənin futbol əfsanəsinə doğma komandasının nəticələriylə son nəfəsinə qədər maraqlandı. Qazaxlılar 6-cı turda hava şəraitiylə əlaqədar, 21.01.2023-cü il tarixdə "Balakən" gerçəkləşməli olan səfər görüşünə bir gün əvvəldən yollandı. Yanvarın 20-dən, 21-nə keçən gecə isə Qazax futbolunun əfsanəsi son nəfəsini verərək gözlərini əbədi yumdu. "Göyəzən" futbolçuları oyuna acı, sarsıdıcı xəbərlə çıxsalar da, meydanda əzim, xarakter, mübarizlik göstərərək 2:5 hesablı qələbə qazanmaqla, bu zəfəri Mehdi Salmanova həsr etdiklərini bəyan etdilər.

Onu da xüsusi vurğulayım ki, klub 2-ci turda evdə debütant "Goranboy Qala"ya 1:3 hesabıyla məğlub olsa da, bu yenilgidən sonra dərs çıxardı və 5 oyundu "dağlılar" qələbələri sıralayır.

Qrupda yer alan "Şəki" və digər komandaları qətiyyən aşağılamaq kimi niyyətim yoxdu. Sadəcə bir məsələ qeyd etməyi özümə borc bilirəm. Əgər Mehdi müəllim mövsümə Şəki təmsilçisi üzərində qələbəylə başlamağın vacibliyini vurğulayırdısa, bu gün "Göyəzən" 2-ci dövrəyə adı çəkilən komandanı 9:0 hesabıyla məğlub etməsi Qazaxın mərhum futbol əfsanəsinin təsis edib, ərsəyə gətirdiyi və tarixin yaddaşına köçməsinə qoymadığı klubu düzgün yollarda uğurla irəliləyir. Bu uzun marafon Mehdi Salmanov yoludu. Bu estafetin qələbəsi və Mehdi müəllimin ruhu şadlığı komandanın elitaya vəsiqə qazanacağında baş verəcək...

Ey Qazax futbolunun əfsanəsi, sən ömrünün 70-ci baharını yaşaya bilmədin. Amma 2 qərinədən artıq həyatını həm doğma yurdunun futbol komandasının, həm də ölkə futbolunun inkişafına həsr etdin.
Məzarında rahat yat Mehdi Salmanov. Bundan sonra "Göyəzən" sənin adını yaşatmaq üçün hər oyunda döyüşəcək və arzuladığın zirvəyə doğru addımlayacaq...

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.30171895027161