Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq

13:48 14-02-2024 | icon 828
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq

Fevralın 21-22-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası təqdim olunacaq.

Teatrdan bildirilib ki, XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.

“Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyevna canlandırır.

Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Sergey Yeseninin şeirlərinin səsləndirildiyi bu tamaşada dünya şöhrətli bəstəkarlar Sergey Vasilyeviç Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinsky, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavaya məxsusdur) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuriy Rubtsova məxsusdur) əsərlərindən istifadə olunub.

Teatrın kiçik səhnəsində nümayiş olunacaq monotamaşaya biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “Iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.


Digər xəbərlər

0.25679183006287