Möhtəşəm birliyimiz əbədi və sarsılmazdır

17:01 21-02-2024 | icon 1295
Möhtəşəm birliyimiz əbədi və sarsılmazdır

Fevralın 19-da qardaş Türkiyədə rəsmi səfərdə olarkən Prezident İlham Əliyev mətbuata bəyanatdə önəmli mesajlar verdi. Dövlətimizin başçısı bütün dünyaya bəyan etdi ki, Türkiyə və Azərbaycan bir-birinin yanında olmaq siyasətini bundan sonra da davam etdirəcəkdir. Qardaş ölkənin lideri də vurğuladı ki, Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək.

       Prezident dedi ki, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.

        Ərdoğan dünyaya bir mesaj olaraq bütün bildirdi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır. Türkiyə prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduqlarını bildirdi.

        Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq. İşğaldan azad olunmuş torpaqlarda artıq bərpa, yenilənmə, canlanma başlayıb. Dünyanın güclü dövlətlərinin şirkətləri Qarabağda müxtəlif işlər həyata keçirir, infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri reallaşdırırlar. Qardaş Türkiyənin də şirkətləri iri layihələrdə yer alıb, Qarabağın cənnətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Alqış bu birlik və qardaşlığa!

        Bəyanatlardan göründüyü kimi, təkcə bölgənin deyil, bütünlükdə Türk dünyasının tarixində yeni inkişaf dövrü başlayıb. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin qiyməti misilsiz dərəcədə yüksəkdir. Burada Türk dünyası ölkələrinin də mənafeləri vardır.

        Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Qonşu dövlət bunu birdəfəlik anlamalıdır. Əks təqdirdə onun üçün problemlər qaçılmazdır

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

 

 

 

 


Digər xəbərlər

0.30281686782837