"Qəbələ"ni zirzəmidən çıxarmaq çox çətin olacaq"

08:02 26-02-2024 | icon 2276

Ölkə çempionatının 24-cü turunda doğma meydanda "Kəpəz"ə məğlub olduqdan sonra Elmar Baxşıyev istefa verərək "Qəbələ"dən getdi. Baş məşqçinin gedişi idman mediasında birmənalı qarşılanmadı. Bu məsələylə bağlı sportal.az xəbər portalının baş redaktoru Emin Abbasov Azeripress.az saytına açıqlamasında bildirib:

"Qəbələ"nin vəziyyəti çox ağırdı. Dünən "qırmızı-qaralar"ın əsas rəqibi "Kəpəz"ə məğlubiyyətdən sonra aralarındakı xal fərqi bir qədər də artdı. Bu da bölgə təmsilçisinin elitada qalmaq şanslarını bir xeyli azaldır. Biz istefanın təfərrüatlarını bilmirik. Adətən etika xatirinə deyirlər ki, baş məşqçi öz istəyi ilə istefa verib. Hazırda Elmar Baxşıyevində könüllü istefa verdiyi bildirilir. Amma komanda daxilində nələr baş verir bunu heç kim bilmir. Baş məşqçinin gedişinin "Qəbələ"yə düşərli olacağını qəti şəkildə demək çox çətindi. Çünki turnir cədvəlində mövcud vəziyyət optimist olmağa imkan vermir. Düzdü, bir çox hallarda yeni gələn baş məşqçilər uğurları ilə diqqət çəkir. Bir neçə tur komandada canlanma yaratmaqla ona yeni qan vurub, yeni nəfəs gətirir. Təbii ki, burda klubun imkanları, şəraiti, heyətindəki oyunçulardan da çox şey asılı olur. "Qəbələ" mövcud büdcəsiylə təbii ki, əcnəbi mütəxəssis gətirəsi deyil. Ona görə də yerli məşqçilərimiz arasında seçim etməlidi. İşsiz qalan mütəxəssislərimiz yetərincə olsa da, bu məsuliyyətin altına kim girib komandanə bataqlıqdan çıxaracağını demək çətindi. Bölgə təmsilçisini mövcud vəziyyətində risk edib onun sükanı arxasına hər baş məşqçi keçə bilməz. Mütləq belə hallarda nəticə verən məşqçi lazımdı. Adətən biznesdə böhran zamanı krizis menecerlərə ehtiyac duyulur ki, çətin vəziyyətə düşən şirkəti, təşkilatı dartıb çıxarsın. Hazırda "qırmızı-qaralar"a krizis məşqçi lazımdı. Məsələn, Tərlan Əhmədovun adını qeyd edərdim. O, məşqçi karyerası zamanı tənəzzüldə olan klubları ayaqda saxlaya bilib. Elə "Kəpəz" nümunəsini vurğulamaq olar. İstənilən halda "Qəbələ"ni zirzəmidən çıxarmaq çox çətin olacaq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.2960729598999