Erməni cinayətlərinin acı statistikası

09:29 26-02-2024 | icon 2904
Erməni cinayətlərinin acı statistikası

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də Xocalı soyqırımının törədilməsidir. Bu faciədən 32 il keçir. İllər keçsə də bu cinayətin izləri insanların yaddaşlarından heç zaman silinməmişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir.Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı. Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirildi. Əsir götürülənlərdə oldu. Hücum başladıqdan sonra əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etmişdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak olmuşdular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Həmin gecə 487 nəfər Xocalı sakini şikəst edildi , onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Şəhər infrastrukturu dağıdıldı və yandırıldı.

Azərbaycanın tarixində ilk dəfə olaraq Xocalı hadisələri ilə əlaqədar "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya xalqlarına Azərbaycan həqiqətlərinin düzgün formada çatdırmaq üçün “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifidir. “Xocalıya ədalət” kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələrdən ibarətdir. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator səviyyəsində tanınıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Zahidə Soltanova

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

 


Digər xəbərlər

0.20786595344543