Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək  

09:50 05-03-2024 | icon 1075
Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək
 

Bildiyimiz kimi, martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Prezident İlham Əliyev Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb: ”Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.” Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.

     Prezident İlham Əliyev toplantıdakı çıxışında onu da qeyd etdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Azərbaycan zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir.

 Muxtar Əmrahov,

Salyan Regional Qaz İstismarı İdarəsinin

 Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi


Digər xəbərlər

0.22733688354492