Kənan Məstəliyev: " "Qarabağ"ı çempionluq münasibətiylə təbrik edirəm"

23:09 05-03-2024 | icon 923
Kənan Məstəliyev:

Ötən turda baş tutan "Neftçi" - "Qarabağ" qarşıdurmasında qonaqlar böyük hesabla qələbə qazandı. Bununla da "köhlən atlar" böyük ölçüdə çempionluğa gedən yolu daha da genişləndi. Çoxları artıq ağdamlıların çempion olduğunu düşünür. Bu məsələylə bağlı təcrübəli jurnalist Kənan Məstəliyevin fikirlərini öyrəndik.


- Derbi oyunun haqqında fikirləriniz maraqlıdı?

- "Bayer"lə oyun öncəsi "Qarabağ"ın ehtiyatlı oynayıb, meydana 2-ci heyətlə çıxacağı gözlənilsə də, "süvarilər" əsas heyət oyunçularına şans verdi. 90 dəqiqə ərzində derbi adına layiq matç görmədik. Düzdü, ilk dəqiqələrdən "Neftçi"nin müqavimət göstərməsi, kretivlik kimi cizgilər görsəndi, amma bu qonaqların imkan verdiyi qədər idi. Meydan sahiblərinin Ağdam təmsilçisiylə sona kimi başabaş oynaması gözləmək absurd idi. Sadəcə "ağ-qaralar"ın gücünün bir hissə, yoxsa 60-65 dəqiqə tab gətirəcəyi sual oluna bilərdi ki, fasilədən sonra "köhlən atlar" meydanın ağası olduğunu göstərdi. Hesabda "Qarabağ" 2 top öndə olandan sonra "Neftçi" fərqi minimuma endirsə də, bu sadəcə təsəllinin başlanğıcı idi. Qurban Qurbanovun komandası təzyiqi artırıb daha 2 qol vurmaqla matçın yekun hesabını təyin etdilər. Tablodakı rəqəmlər hər şeyi deyir. "Qarabağ" görüş ərzində istədiyi oyun fəlsəfəsini diktə etdi, istədiyi təzyiqi göstərdi və layiqli qələbə qazandı. Onları indidən çempionluq münasibətiylə təbrik edirəm. Zatən bundan sonra "Qarabağ" bütün oyunları məğlub olsa belə, digər komandalar onu gəlib keçəsi deyil. Ağdamlıların çempion olmaması nonsens olar. Odur ki, hazırda əsas diqqət çempionun kim olacağı yox, ilk "4-lüy"də hansı komandaların yer alacağı və elitadan kimin qalacağıdı.

- "Qarabağ"la oyunda meydan sahiblərinin müdafiəsi çox dişsiz oynadı. Bunun səbəbi nədi?

- "Ağ-qaralar"da tək arxa xətt yox, bütün mövqelər zəif çıxış etdi. Ümumilikdə demək olmur ki, "Neftçi"də hansısa mövqe kreativliyi ilə seçildi. Futbolçular arasında xətlər arası əlaqə zəifdi. Həmçinin "Qarabağ"ın təzyiqi də çox güclüydü. İstər Matiasın, istərsə də Qaranın kobud səhvlər etməsində rəqibin pressinq etməsinin rolu danılmazdı. Sözümdən heç kim inciməsin, amma bu gün "Neftçi"nin bütün futbolçularını çeşidləsən "Qarabağ"la rəqabət aparaca 3-4 futbolçu belə tapılmayacaq.

- Toral ilə Nəriman "süvarilər"in heyətində ən yaxşılardan idi. Hazırda xarici klublar bu futbolçularla maraqlanır. Necə düşünürsüz, yaxın gələcəkdə onları daha güclü çempionatlarda görəcəyikmi?

- Hesab etmirəm ki, hazırda onların legioner həyatı yaşaması uğurlu olsun. Bunu Qurban Qurbanov mətbuat konfranslarının birində vurğulayıb. Bu gün Mahir Emrelinin, Ramil Şeydayevin heç də arzuolunan legioner karyerası yaşamadıqlarını görürük. Ona görə də Toral ilə Nərimanın hazırda "Qarabağ"da oynayıb bir az da möhkəmlənmələri onların gələcəkləri üçün daha faydalıdı.

- Bəs "Qarabağ"ın "Bayer"ə qarşı şansları haqqında nə deyərdiz?

- Bakıdakı oyunda təmsilçimzin almanlarla rəqabət aparması, onlara başağrısı olmasını gözləyirəm. Amma turu keçəcəyimiz haqqında əminliklə nəsə demək çox çətindi. Çünki "Bayer" gücü, səviyyəsi hamıya bəllidi.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.25094103813171