Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb

11:06 14-03-2024 | icon 664
Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb

Bildiyimiz kimi, martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdə oldu .Prezident cənab lham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan arasında bir çox sənədlər imzalandı. Sevindirici haldır ki, Azərbaycanla Qazaxıstan arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb.

     Bilirik ki ,Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İƏT, MDB, TÜRKSOY, TDT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər. Deyə bilərik ki , bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” ,“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” , “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu, bunlardan sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi isə 598,47 milyon dollar təşkil edib.

     Xalqımız 44 günlük Vətən müharibəsində də Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir. Dövlətimizin başçısı da bunu öz çıxışında diqqətə çatdırdı. Qeyd etdi ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə, Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın nümunəsi olacaq mərkəzin açılış mərasimi baş tutmaq üzrədir. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Dövlətimizin başçısı ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq etdi. Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini qeyd etdi.

     Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Emin Məlikov,

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil

sektorunun metodisti

 

 


Digər xəbərlər

0.27969002723694