Azərbaycan – Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir  

11:07 14-03-2024 | icon 217
Azərbaycan – Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir
 

     Azərbaycan həmişə türk dünyasının sıx birliyinə öz töhfəsini verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və həmrəylik mühitinin formalaşması və inkişafı bütün dövrlər üçün əsas çağırışlar sırasındadır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının miqyasının genişləndiyi göz qabağındadır. Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi istəyi qarşılıqlı səfərlər zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı təqdim edilən yol xəritələri, imzalanan sənədlər vasitəsilə reallığa çevrilir. Vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Azərbaycan ilə Qazaxıstan arasında bu gün mühüm önəm daşıyan yüksək səviyyəli siyasi-iqtisadi əməkdaşlıq hər iki dost ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırır, münasibətləri möhkəmləndirir.

     Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Son illərdə Azərbaycan-Qazaxıstan iqtisadi münasibətlərində başlanan yeni mərhələ bir sıra mühüm göstəricilərlə diqqət çəkir. Məsələn, ötən illərdə qarşılıqlı ticarət dövriyyəsinin həcminin 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dollarına çatması məhz bunun bariz ifadəsidir. İki ölkənin energetika sahəsində əməkdaşlığında da dinamik inkişaf nəzərə çarpır. Bu baxımdan ötən il “SOCAR” və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığında irəliləyiş kimi dəyərləndirilir.

     Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Hər iki ölkənin regionda bütün sahələr üzrə lokomotiv rolunda olması və qarşılıqlı müsbət əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm hesab edilir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Azərbaycan ilə Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

 Mahirə Məlikova,

 Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini

 

 

 


Digər xəbərlər

0.28266000747681