Qazaxıstanla Azərbaycan qardaş ölkə və strateji tərəfdaşdır

11:10 14-03-2024 | icon 183
Qazaxıstanla Azərbaycan qardaş ölkə və strateji tərəfdaşdır

Azərbaycan dünyada artıq ərazi bütövlüyü tam təmin olunmuş, suveren dövlət kimi qəbul edilir. Ermənistan üzərindəki tarixi Qələbə və ötən il Qarabağda keçirilən antierror tədbirindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də respublikamıza gələn dövlət və hökumət başçıları ilə keçirilən görüşlər də təsdiqləyir ki, Azərbaycanın və onun liderinin nüfuzu gündən-günə yüksəlir. Bu günlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə səslənən fikirlər də bundan xəbər verir. İki ölkə arasında xoş münasibətlər qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Belə ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.

     Qazaxıstanla Azərbaycan qardaş ölkə və strateji tərəfdaşdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İƏT, MDB, TÜRKSOY, TDT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər. Bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısı da bunu öz çıxışında diqqətə çatdıraraq qeyd etdi ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə, Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın nümunəsi olacaq mərkəzin açılış mərasimi baş tutmaq üzrədir. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Dövlətimizin başçısı ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlıq etdi. Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Səfər çərçivəsində iki ölkə arasında imzalanan sənədlər gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq və bununla da, Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələyə qədəm qoyacaq.

     Ümumiyyətlə, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bütövlükdə, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq, ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

     Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan lideri isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

        Nazənin İsmayılova,

        Salyan rayon Sarvan kənd tam orta məktəbin direktor əvəzi

 

 

 


Digər xəbərlər

0.29047298431396