Milli ruhumuzu əks etdirən bayram

13:15 16-03-2024 | icon 1054
Milli ruhumuzu əks etdirən bayram

Əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri olduqca zəngindir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

          Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində özünün yeni baharını yaşayan respublikamız Novruz günlərində Beynəlxalq muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən gəlmiş muğam tədqiqatçılarını, xanəndələri və çoxsaylı qonaqları qəbul edir. Xalqımızın əbədi və təkrarsız sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü artıran yeniləşdirici ab-havası ilə yaxından səsləşir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Siyasətdə bayramlaşma təcrübəsi geniş yayılıb. Bu isə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyəti deməkdir. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Novruz bayramı İslam adət-ənənəsinə də tam uyğundur, bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycanın odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od, saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur.

Qoy bu bayram günlərində Vətənini, el-obasını sevən hər bir insanın bütün məqsədləri yerinə yetsin, arzuları çin olsun!

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

 

 


Digər xəbərlər

0.29268193244934