Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri  

11:32 26-04-2024 | icon 1187
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
 

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.

     Cənubi Qafqazın lider dövləti Azərbaycanla Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Çünki qədim tarixə malik olan Azərbaycanla Qırğızıstan arasında münasibətlər bu gün daha da inkişaf etməkdədir. Eyni kökə, eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqları bir-birinə çox sıx tellərlə bağlıdır. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

     Cari ili aprel ayının 20-də Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu. Prezident İlham Əliyev Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin perspektivlərinə toxunaraq bu səfərin iki ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Sevindirici haldır ki, bu gün dövlət başçımızın dediyi kimi, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

      Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında məhdud tərkibdə görüş oldu. Bu görüşdə əməkdaşlığımızın bir çox mühüm məsələləri müzakirə edildi, onun əsas istiqamətləri, prioritetləri açıqlandı. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Bir daha qeyd edildi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir.

     Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın 2-ci geniş tərkibdə iclasında vurğulayıb ki, qarşılıqlı səfərlər münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir: "Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

     Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

     Bir sözlə, bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi, imzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.

     Cəmil Mehtiyev,

    Salyan Regional Qaz İstismar idarəsinin mühəndisi

 

 


Digər xəbərlər

0.28274488449097