"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib  -FOTOLAR

17:40 09-05-2024 | icon 383

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəstəyi, "İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi" İctimai Birliyi, habelə "Azərbaycan Talassemiya Federasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə 8 May Beynəlxalq Talassemiya gününə və Talassemiya Mərkəzinin Azərbaycandakı fəaliyyətinin 15 illiyinə həsr olunmuş “Talassemiyasız həyat naminə” ictimai maarifləndirmə layihəsi həyata keçirilib.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşü açılış nitqi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından layihə rəhbəri Elnarə Əliyeva Talassemiyanın günümüzdəki əhəmiyyəti, gənclər təşkilatlarının nümayəndələrinin maarifləndirilməsinin önəmindən danışıb. Daha sonra “İrs-Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzinin sədri Saleh Bağırov gənclər qarşısında çıxış edərək genafondumuzun qorunması üçün gənclər arasında maaarifləndirmə işlərinin düzgün aparılmasının vacibliyini önə çəkib. Tədbirdə iştirak edən Azərbaycan Talassemiya Federasiyasının sədri Nailə Quliyeva və birliyin sədr müavini Gülgün Gündüz ölkədə talassemiya probleminin qarşısının alınması istiqamətində atılan addımlarda nigahdan öncə gənclərin genetik analizlərinin verilməsinin qaçılmaz olduğunu bildirib. Təqdimatla ölkəmizdə aparılan təxirəsalınmaz addımlar və fəaliyyətlər haqqında geniş məlumat verib. 

Görüş qarşılıqlı müzakirələrlə davam edib. 

Qeyd edək ki, layihənin əsas məqsədi ölkə ictimaiyyətinin, xüsusilə gənclərimizin diqqətini irsi qan xəstəliyi olan talassemiyaya cəlb etmək, talassemiyanın qarşısını almaq üçün həyata keçirilən dövlət tədbirlərinə dəstək olmaq ve talassemiya pasiyentlərinin sağlam gələcəyi naminə addımlar atmaqdır.


Digər xəbərlər

0.24562287330627