Çingiz Abdullayev: Vətənə qarşı bu qədər laqeydlik olmaz

12:28 30-01-2017 | icon 1276
Çingiz Abdullayev: Vətənə qarşı bu qədər laqeydlik olmaz
loading...

Bəzən bizim jurnalistlərimizin, təbliğatçılarımızın, “vətənpərvərlərimizin” görmək və şərh etmək istəmədiklərini müşahidə edirəm.  

İlk olaraq Rusiya televiziyasının yayımladığı marşal Xudyakov haqqında filmdən danışmaq istərdim! Mən bəzi dostlarıma zəng edib, yenidən baxmalarını xahiş etdim. Hamı şokda idi. Rusiya televiziyasında ilk dəfə idi ki, 1918-ci ilin martında baş verən hadisələrin azərbaycanlılara qarşı olduğu deyilirdi! Mən bunu ailəmizin tarixindən bilirəm: şəhərin mərkəzindən hücum edən daşnaqlardan xilas olmaq üçün bakılı babam və nənəm evlərini tərk ediblər. Bu filmi niyə bizim kanallarda yayımlamırlar. 

Niyə heç bir kanal bu filmi dublyaj etmir? Axı Xudykov bu qətllərdə iştirak edib və bu səbəbdən də soyadını dəyişib, bu barədə heç onun oğlu bilmirdi. Guya Sergey Xudyakov adını götürən Armenak Xanferyantsı heç kim, heç yerdə tapa bilməyib. Niyə bu film alınıb, bir neçə dilə tərcümə edilmir?

Bu hələ harasıdır? Bir neçə gün Solovyovun verilişində Kurginyan ilk dəfə bəyan etdi ki, doxsanıncı ilin yanvarında şəxsən Bakıda olub. Və o, ermənilərin başlarını kəsib onlarla futbol oynadığı barədə qorxunc şayiələr yalandır! O, bütün ölkəyə bəyan etdi ki, BU AZƏRBAYCANLILAR OLMAYIB, bunu edən xüsusi göndərilmiş insanlardır! Təkrar edirəm, Kurginyan bu sözləri doxsanıncı il yanvar hadisələri barədə deyib. Mən sadəlövh insan deyiləm: anlayıram ki, təxribatlar münbit şəraitə düşüb. Bakıya öz doğmalarını itirən qaçqınların da olduğu minlərlə insan toplaşmışdı. Amma hər zaman unudulan araqarışdıranlar olur. Öncədən hazırlanmış siyahılar var idi! Bunu kim edirdi? Niyə illərdir ki, həqiqəti bilmirik? Niyə də onun yanına jurnalist yollayıb, onun etirafları Rusiya qəzetlərində dərc edilməsin? Ya belə bir imkanımız yoxdur?

Qeyd etmək istərdim ki, belə məsələlərdə qərəzli ola bilərəm. Axı mən azərbaycanlıyam və əlbəttə, azərbaycanlıların tərəfində olacağam. Amma Kurginyan dəqiq azərbaycanlı deyil. Özü də ki, bizə qarşı məhəbbətlə yanaşmayan Solovyovun verilişində və Rusiya televiziyası da belə filmləri və həqiqətləri tez-tez göstərmir və demir. İzləyin və dinləyin! Daha sonra özünüz nəticə çıxarın!

Və bir də bəzi təminatlı ailələrin nümayəndələri haqqında düşünürəm. Onların hansı qayğıları mövcuddur? Elə məsələlər var ki, onu dövlət yox, cəmiyyət həll etməlidir. Böyük Vətən müharibəsi dövründə yüzlərlə bəstəkar, yazıçı, alim, memar orduya tank və təyyarələr hədiyyə edirdi. Təəssüf! 

Bu gün bizim yaradıcı insanlarımız belə imkan və vəsaitə malik deyillər. Bunu istəyən də yoxdur. Bütün çətinliklərə baxmayaraq, ordumuz hər şeylə təmin edilib! Amma vətəndaş məsuliyyəti və şəxsi mövqe anlayışı da var. Musiqiçilər vətənpərvər konsertləri ilə xaricə səfər edə bilmədikləri, yazıçılar və şairlər Qarabağ haqqında kitabları üçün vəsait tapmadıqları, rejissor və ssenaristlər tariximiz haqqında filmlərini maliyyələşdirə bilmədikdə, tərcüməçilər lazımlı məqalələri tərcümə edib dərc etdirə bilmədikləri halda, bizim bəzi təminatlılarımız sanki otuz ilə yaxın davam edən müharibənin, qaçqınların, köçkünlərin olmadığı kimi yaşamağa davam edirlər. Nə demək olar? Ölkəyə qarşı bu qədər laqeyd olmaq olmaz. Yoxsa elə bir gün gələcək ki, ölkə də onlara qarşı laqeyd olacaq!

Çingiz Abdullayev

Mənbə: www.1news.az

S.S.


Digər xəbərlər

0.29469585418701