Direktorun ölüm işi böyüdü: “Yoxlama” verilişi məktəbdə icazəsiz çəkiliş aparıb – RƏSMİ
Ötən həftə mətbuatın gündəmini zəbt etmiş xəbərlərdən biri də Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Telman Balasən oğlu Qardaşovun qəflətən ölüm xəbəri oldu.
Belə ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar.
ATV telekanalının “Yoxlama” verilişindən sonra çox gərgin olan, stress keçirən direktor yanvarın 26-da saat 11:00 radələrində qəflətən özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.
Direktor yanvarın 27-si səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Bəs məktəb rəhbərliyinin iddiası doğrudurmu, “Yoxlama” verilişinin əməkdaşları məktəbə həqiqətən də icazəsiz gedibmi və ya hansısa məktəbdən reportaj hazırlamaq üçün rəsmi qurumlardan icazə almaq lazımdırmı?
Oxu.Az-ın xəbərinə görə, məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində video və fotoçəkiliş aparılması, reportaj hazırlanması haqda razılıqların verilməsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Təhsil İdarəsindən bildirilir ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə “Yoxlama” verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmayıb, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmayıb.
Qurumdan bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır:
“Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa üstünlük verilir”.
Qeyd edək ki, hazırda Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru vəzifəsinin müvəqqəti icrasının məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilməsi nəzərdə tutulub.
A.S.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...