"Topaz"ın gətirdiyi bədbəxtlik: "50 min borcum var, uşağı oğurlayacaqlar"

12:54 15-06-2017 | icon 2184
loading...

“Topaz” insanlara bədbəxtlik gətirməkdə davam edir.

Sözügedən mərc şirkətinə görə az qala hər gün bədbəxt hadisə qeydə alınır.

Kimisi uduzduğu üçün özünü öldürür, kiminsə ailəsi dağılır, kimisi evini satıb, küçədə qalır, kimi də udduğu kiçik məbləğə görə sevinir. Amma inanın ki, şirnikləşdirici uduşlar müvəqqətidir. Davamı isə uçurumdur…
Statistika da bunu sübut edir.

Məsələn, bu gün 25 yaşlı gənc atasının pullarını “Topaz”da uduzduğu üçün Cəfər Xəndan küçəsi 25 ünvanında yerləşən hündürmərtəbəli binadan özünü ataraq canına qəsd edib.

Cari həftədə 2 manatlıq kupon üstündə satıçı ilə müştəri arasında yaranan mübahisə nəticəsində 1990-cı il təvəllüdlü Nəcəfli Ülvi Fərhad oğlu 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Fazil oğluna 4 bıçaq zərbəsi vurub. Nəticədə, gənclərdən biri həbsxanaya, digəri isə xəstəxanaya aparılıb.

Təəssüf ki, bu, son deyil. Qanuni qumara görə, ailələrin də dağıldığını təsdiqləyən faktlar var. Belə ki, 2 il bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Esmira İbrahimova ifadə verərək bildirib ki, ərinin “Topaz”a olan borclarını ödəmək üçün başqasından qızıl alıb:

“Bir gün yoldaşım evə gəlib dedi ki, uşağı daha məktəbə göndərmə, mənim 50 min borcum var, uşağı oğurlayacaqlar. Mən də məcbur olub Arzudan (zərərçəkənlərdən biri – red.) qızıl götürüb ərimə verdim. Dəyər-dəyməzə satdı, mənə dedi ki, borclarımı verdim. 2015-ci ilin aprel ayına kimi aylıq pulu ödədi, sonra boynundan atdı. Mən ortada qaldım. Biz razılaşmışdıq ki, pulu aybaay ödəyək. Sonra ərim məni evdən çıxartdı, dedi, get bütün bunları anana de. Oğlumu əlimdən aldı. Anama yalandan dedi ki, guya borc mənimdi… Sonra məni 3-cü polis bölməsinə apardılar. Orda mənimlə söyüşlə danışdılar, incitdilər. Müstəntiq 9 ay mənim şəxsiyyət vəsiqəmi qaytarmadı. Mən o pulun 4 min manatını qaytarmışdım. Sonradan yoldaşımın cibindən bir dəstə “Topaz” kağızları çıxdı. Onda bildim ki, bu pulları “Topaz”a verirmiş. Əvvəldən bilsəydim, heç kimdən heç nə almazdım”.

Ürəkağrıdan siyahı davam edir… Bir ana oğlu “Topaz”da uduzduğu üçün dilənçilik etmək məcburiyyətində qalıb:

“Hər ay dilənçiliklə qazandığım pulların çoxunu televiziya kanallarının birində operator işləyən böyük oğlumun kreditinə verirəm. Oğlum “Topaz”da uduzmuşdu”.

Goranboyda yaşayan 39 yaşlı Faiq Teyyub oğlu Musayev isə “Topaz”a xeyli miqdarda borcu olduğu üçün özünü qatarın altına atmışdı.

Təsəvvür edin ki, “Topaz” gənclər arasında narkotik kimi yayılır. Buna görə insanlar mərc etmək üçün müxtəlif yollara əl atırlar. Bunların arasında bankdan kredit götürənlər də var. Məsələn, Ağstafadan olan Tamara Seyidovanın əri “AccessBank”ın mərkəzi filialında kredit mütəxəssisi işləyirmiş. Bir dostu ilə 3-5 dəfəyə sələmçidən pul götürərək “Topaz” oynayıblar, hər dəfə də uduzublar. Bankdan kreditlər götürməklə 13 min manatın qarşılığında 19 min manat ödəsələr də, yığılıb qalmış (təqribən 40-41 min manat) məbləğin faizini ödəyə bilməmişdilər. Sələmçinin prokurorluq orqanlarına şikayətindən sonra həyat yoldaşı və dostu həbs olunmuşdu.

Bakının Yasamal rayonunda isə Kamran Ağayev adlı şəxs “Topaz”da uduzduğu üçün maddi vəziyyəti pisləşmiş, çıxış yolunu özünü öldürməkdə görmüşdü.

Sözsüz ki, “Topaz”ın insanlara gətirdiyi bədbəxtliklər təkcə bunlarla bitmir. Siyahı zamanla daha da genişlənəcək. Çıxış yolu isə ətrafınızdakı şəxsləri uçuruma aparan yoldan uzaqlaşdırmaqdır. Elə bu gündən başlayaraq…Yenicag.az


Digər xəbərlər

0.57235312461853