Nəsimi rayonu 266 saylı tam orta məktəbdə təhsilə qayğı yüksək səviyyədədir

12:37 02-02-2017 | icon 9457
Nəsimi rayonu 266 saylı tam orta məktəbdə təhsilə qayğı yüksək səviyyədədir
Nəsimi rayonu 266 saylı tam orta məktəbdə təhsilə qayğı yüksək səviyyədədir


Hər bir valideyn övladının məktəbli yaşına çatmasını səbirsizliklə gözləyir və nəhayət, öz övladının taleyini MÜƏLLİMƏ etibar edir. Müəllim kimi şərəfli bir peşədən və bu peşənin daşıyıcılarından danışarkən, təbii ki, ilk növbədə insanın öz müəllimləri yada düşür. Müəllimlərimizin hər biri öz görkəmi və xarakteri ilə gözlərimiz önündə canlanır. Biz müəllimlərimizi sevirdik və bu gün də onları xoş xatirələrlə xatırlayır, imkan daxilində görüşməyə çalışırıq. Çünki biz onlara sözün həqiqi mənasında əsl müəllim - ideal insan kimi münasibət bəsləyirik.

Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyıram. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır.

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi...

Müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir. Bu gün ömrünü gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında söhbət açmaq istəyirəm. Vətənpərvər, xeyirxah, mərhəmətli, alicənab bir ziyalı haqqında.

Fərqanə xanım Əliyeva Nəsimi rayonu 266 saylı tam orta məktəbin direktorudur. Artıq 20 ildir ki, adıçəkilən təhsil ocağına rəhbərlik edən Fərqanə müəllimə ədəbiyyat fənnini tədris edir.

“Məktəb sizin üçün nədir?” - sualına, Fərqanə müəllimə belə cavab verir:

Məktəb – bir insan, bir vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət kimi yetişir, formalaşır, inkişaf edir.

Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.
Müəllim olduqca çətin və məsuliyyətli peşədir. Sən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalısan. Onları hər yöndən tanımağa çalışmalısan. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Artıq ikinci sinifdə hər bir uşağı kəşf etmək mümkündür.Müəllim hər gün dərsdən sonra şagirdləri haqqında düşünməlidir. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.

Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.

Hər bir şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu, həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır. Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar.

-Ümumiyyətlə, ailənin də təhsilə təsiri çox önəmlidir. Təcrübəmə əsasən deyim ki, biz şagirdə baxdığımız anda, artıq onun necə bir ailədən çıxdığını görürük. Valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.
Uşaqlar ətirli gül kimidir. Bağban gülə qulluq etməsə, onlar saralar, solar və məhv olar. Uşaqlar da belədir. Onlara dəyər verilməzsə, ruh düşkünlüyü, inamsızlıq yarana bilər.
Bacarıqlı, istedadlı uşaqları müəllim tez hiss edir və onları daha da həvəsləndirməklə, daimi irəliyə addımlamalarına həvəs və inam yaratmalıdır. Müəllimin uşaqlara dərsi əzbərlətməsi, məncə, düzgün deyil. Şagirdlərin sərbəst düşünməsinə imkan verilməli, dərsdə fəal iştirakına şərait yaradılmalı və həvəsləndirilməlidir. Şagirdlərə kiçik vaxtlarından tariximiz, ədəbiyyatımız, coğrafiyamız öyrədilməli, tarixi şəxsiyyətlərimiz haqqında məlumat verilməlidir. Müəllimlər hər zaman axtarışda olmalıdır. Çünki hazırlıqlı müəllim şagirdin qarşısında bir ideala çevrilməlidir.

Həmsöhbətim qeyd etdi ki, hazırda rəhbərlik etdiyi 266 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Fəxrəddin Nəcəfovun adını daşıyır. Bu təhsil müəssisəsi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb birtiplidir və bir korpusdan ibarətdir, 500 yerlikdir. Məktəbin ilk direktoru Əfəndiyev Maqsud Məmməd oğlu olmuşdur. 1997-ci ildən məktəbə Əliyeva Fərqanə Sevdi qızı rəhbərlik edir. Məktəb 20 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Ən Yaxşı Ümumtəhsil Məktəbi" adına laiq görülmüşdür. Məktəb 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və yenidənqurma işləri aparılmışdır.Hal-hazırda məktəbimizdə 8 inzibati işçi, 87 müəllim və 21 nəfər texniki heyət çalışır. 604 şagird 26 sinifdə komplektləşdirilmişdir. Təhsil müəssisəsi yalnız Azərbaycan bölməsindən ibarətdir. Dərslər həftədə 5 gün və 1 növbədə keçirilir.Məktəbdə istilik , su , kanalizasiya və enerji təminatı normaldır. Məktəb kompüterlərlə, elektron lövhələrlə təmin olunub, internetə çıxışı var, Müəllimlərimiz dərslərdə İKT vasitələrindən səmərəli istifadə edirlər. Bunlarla bərabər özləri də mövzulara uyğun elektron dərslər hazırlayırlar. Məktəbin kitabxanası zəngin ədəbiyyatla, dərsliklərlə tam təmin olunmuşdur. Müəllim və şagirdlərimiz kitabxanadan səmərəli istifadə edirlər. Dərslərdə müasir təlim metodlarından, İKT vasitələrindən istifadə təhsilin keyfiyyətinə, şagirdlərin idrak və təfəkkürünün inkişaf etməsinə, onların vətəndaş kimi formalaşmasına müsbət təsir edir. Dərslərdə vətənə sevgi, milli dəyərlərimizə hörmət aşılanır. Məktəbdə şagird özünü idarəetmə orqanı fəaliyyət göstərir.

Fərqanə xanımın ən böyük arzusu işğal olunmuş ərazilərimizin tezliklə erməni quldurlarından azad olunmasıdır.

Hər birimiz bu arzuyla yaşayırıq. Güclənməkdə olan ordumuzun və xalqımızın birliyi, bütövlüyü sayəsində, işğalda qalan Qarabağımızı azad etməyə borcluyuq.
 

Digər xəbərlər

0.24349093437195