Vəzifə onu yox o vəzifəni irəli aparır-Kəmaləddin Heydərov haqda bilmədikləriniz

22:26 25-06-2017 | icon 7252
Vəzifə onu yox o vəzifəni irəli aparır-Kəmaləddin Heydərov haqda bilmədikləriniz
Kəmaləddin Heydərov kimdir?
 
11 ildir Fövqəladə Hallar Naziri postunu tutan general 1961-ci ildə Naxçıvan MR-nın Babək rayonun Çeşməbasar kəndində anadan olub.
Xərçəng bürcünün nümayəndəsi olan cənab Heydərov bu bürcün tipik xüsusiyyətlərini özündə birləşdirir: Gözəl müsahibdir, siyasət, incəsənət, idmana meyllidir. Yorulmadan çalışır, fərqlənməyi bacarır, önə çıxır, sədaqətlidir. 
1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini, 1984-cü ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.  
Baxmayaraq ki, atası Fəttah Heydərov həmişə yüksək vəzifələrdə çalışıb, ictimai baxımdan aktiv olub, nə qədər qəribə olsa da, oğul Heydərov əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb. Burada texnik və geoloq kimi çalışıb. 
1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib.
 
Bəstəkar Kamal və ya Heydərovun musiqiçi təxəllüsü...
 
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Disklərdəki mahnılar xalq artistləri Ağadadaş Ağayev, Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, Röyanın və başqalarının ifasında yazılıb.
 
İdman təşkilatçısı, iki federasiyanın rəhbəri...
 
Kəmaləddin Heydərov  eyni zamanda idman təşkilatçılığı sahəsində fərqlənən məmurlardandır. O, bu istiqamətdə üç vəzifəni paralel olaraq daşıyır. 
Nazir Azərbaycan Taekvondo Federasiyasına rəhbərlik edir. Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir. Ölkə taekvondoçularının qazandığı uğurlarda onun xidməti danılmazdır. Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkgül Bayramov, Elnur Amanov, Fəqan Ümudov , Zahid Məmmədov, İlkin Şahbazov, Ramin Əzizov, Məftun Salmanov və digər idmançıların qazandığı nailiyyətlər buna bariz nümunədir.
K.Heydərov eyni zamanda Azərbaycan Boks Federasiyasına rəhbərlik edir. Nazir Azərbaycan Taekvondo Federasiyasında əldə etdiyi uğurları Boks Federasiyasında da davam etdirir. Təsadüfi deyil ki, bokçularımız il-ildən nəticələrini artıraraq, daha böyük qələbələr qazanırlar. Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Şahin İmranov, Fuad Aslanov, Ramal Amanov, Ağası Məmmədov, Vüqar Ələkbərov və digərlərinin dünya miqyaslı uğurlu idmançılar sırasında yer alması buna əyani misaldır.
 
 
Vəzifə onu yox, O vəzifəni irəli aparır...
 
Kəmaləddin Heydərovun idman təşkilatçılığı və musiqi sahəsində qazandığı nailiyyətlərdən danışdıq. Amma bütün bunlardan öncə K.Heydərov istedadlı məmurdur və hansı vəzifəni daşımasından asılı olmayaraq, daim fərqlənməyi bacarır.
Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevə sədaqəti ilə seçilən K.Heydərovun nazir təyin olunduqdan sonra gördüyü işlər, yeni yaranan nazirliyin kollektiv olaraq öz işinin öhdəsindən ləyaqətlə gəlməsi, vətəndaşların təhlükəli vəziyyətlərdən anındaca xilas olması cənab Heydərovun aktivinə yazılır.
Açıq şəkildə demək olar ki, Kəmaləddin Heydərov layiqli məmurlardandır. O, harada olursa, hansı vəzifəyə təyin olunursa, ona göstərilən etimadı layiqincə doğruldur.
 
İctimaiyyət onun haqqında nə deyir?
 
Bir zamanlar yazılı nəşrlər, xüsusilə müxalif mətbu orqanlar davamlı olaraq K.Heydərovun əleyhinə kampaniya aparır, onun haqqında əsassız informasiyalar yayırdılar. Amma buna baxmayaraq, bircə dəfə olsun K.Heydərov həmin mətbuat orqanlarını məhkəməyə vermirdi.
O, ölkə mətbuatının zəifləməsi, jurnalistlərin mülki yolla cərimələnməsini kimi vasitələri çıxış yolu saymırdı. Hətta çoxsaylı və davamlı tənqidlərə dözmək bahasına olsa belə.
Qeyd edək ki, Kəmaləddin Heydərovun iki oğlu var. Böyük oğlu Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin sədri və “Qəbələ” idman klubunun prezidentidir. Kiçik oğlu Nicat Heydərov sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 
Həyat yoldaşı Ruhəngiz Heydərova Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) prezidenti, atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqallar Şurasının sədri və Milli Məclisin deputatıdır.
 
Mənbə-Anv.az

Digər xəbərlər

0.26136183738708