TƏCİLİ MÜJDƏ: “Böyük qayıdış”: Bayrağımız Qarabağda

17:32 03-02-2017 | icon 4252
TƏCİLİ MÜJDƏ: “Böyük qayıdış”: Bayrağımız Qarabağda

 

Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra bu kənddən olan 190 ailə öz doğma obalarına qayıtmaqla bağlı rəsmi müraciət edib.

Oxu.Az xəbər verir ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994-cü il yanvarın 5-də isə Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib.


Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb.


 
Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 


 Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir.

Hal-hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı limanı) çalışan Tahir Məhərrəmov da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini özünün ata-baba yurdu hesab edir. 

 
Məhərrəmov Tahir Seyidəli oğlu 1983-cü ilin sentyabrın 15-də dünyaya gəlib. Tahirin Cocuq Mərcanlı kəndində yadına düşən ilk xatirəsi əmioğulları ilə Araz çayının yaratdığı göldə balıq tutmaqlarıdır. O, kənddən görünən, İranla sərhəddə yerləşən Xudafərin körpüsünü, dağları, meşələri xatırlayır.
 
Tahir uşaqlıq xatirələrində qalan Cocuq Mərcanlı kəndini gedib görəcəyinə görə çox sevinir və  bütün Qarabağın azad olunması onun ən böyük arzusudur. 

Tahir Lələtəpənin alınması xəbərini yük terminalında işləyən zaman iş yoldaşlarından eşidib və həmin an sevincdən göz yaşlarını saxlaya bilməyib.

Onun sözlərinə görə, ata-baba yurdunun düşməndən azad edilməsi kimi insanı başqa heç nə sevindirə bilməz. Tahirin ailəsi, qohumları, Cocuq Mərcanlıdan olan digər sakinlər də bu xəbərə çox seviniblər:
 

“Mən inanırdım ki, yaxın zamanlarda biz öz torpaqlarımızı geri qaytaracağıq və ordumuz mənim bu inamımı doğrultdu. Bunun üçün ordumuza və prezidentimizə təşəkkür edirəm”.
 
2013-cü ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışır. Əvvəlki işində 6 il mühafizə xidmətinin nəzarətçisi işləyib. Daha sonra isə liman ərazisində kurs keçməklə doker mexanizatoru peşəsinə yiyələnib. 
 


Hazırda lokomotiv sürücüsünün köməkçisi peşəsinə yiyələnmək üçün təhsilini davam etdirir. O, bu işə uşaqlıqdan həvəsinin olduğunu deyir. Maşınqayırma zavodunda işləyən dayısının işinə həvəs göstərərək, o da dayısı kimi texnikalarla işləməyi arzulayıb.

İsmayıl Nur

 


Digər xəbərlər

0.26501703262329