Abdin Fərzəliyev Bakı meri olarsa: “Budka”lar geri qayıdacaq? – FOTOLAR

18:34 04-02-2017 | icon 9908
Abdin Fərzəliyev Bakı meri olarsa: “Budka”lar geri qayıdacaq? – FOTOLAR

Nərimanov RİH-in rəhbərliyi rayon ərazisində köhnə dəmir köşklərin varlığına izah gətirə bilmir?

Yaxın bir aya qədər, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə az qala hər kəs bir ağızdan deyirdi ki, Bakının gələcək meri Abdin Fərzəliyevdir. Buna mətbuata sızan və ya sızdırılan bəzi məlumatlar da səbəb olmuşdu. Məsələn, ötən il qaynarinfo.az saytında bildirilmişdi ki, təqaüdə çıxmağa hazırlanaş Bakı ŞİH başçısı Hacıbala Abutalıbov öz yerinə Nərimanov RİH başçısı Abdin Fərzəliyevi görür. Digər KİV-lər isə bu məlumatı başqa cür tiralayır, Abdin Fərzəliyevin özünün mer olmağa can atdığını deyirdi. Bir qrup analitik-jurnalistlər də peyda olmuşdu ki, Abdin Fərzəliyevi bu vəzifəyə ən uyğun namizəd olaraq cəmiyyətingözündə qaldırmağa çalışırdılar. Lakin sən saydığını say… Gör, fələk nə sayır.

Son günlər F.Yusifov 40 ünvanında yerləşən “Gözdən əlillər binası” ətrafında korrupsiya və saxtakarlıq qalmaqalı, binada mənzil vermək adıyla 160 nəfər əlil olmayan vətəndaşdan 8 milyon manat alınıb mənimsənilməsi kimi iddialar gündəmə gəldi. Habelə, fevralın 2-də Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçirən II qrup əlil, Gözdən Əlillər Cəmiyyətinin üzvü Rəşad Səlimlinin qabartdığı problemlər də diqqətdən kənarda qalmadı. Şikayətçi gəncin sözlərinə görə, “gözdən əlillər binası”nda növbə sistemində maxinasiyalar edilib, əlil olmayanlara saxta əlillik dərəcəsi və mənzil verilib.

Başqa bir məsələnin də, oxucuların diqqətinə çatdırırıq. Ötən il 365info.az saytında Nərimanov rayon sakini Babayev Ağababa İlqar oğlunun Baş prokuror Zakir Qaralova və vergilər naziri Fazil Məmmədova müraciəti dərc olunmuşdu.

Vergilər Nazirliyindəki mənbələr tərəfindən daxil olan məlumatda deyilir ki, Nərimanov sakini Babayev Ağababa İlqar oğlu Baş prokuror Zakir Qaralova və vergilər naziri Fazil Məmmədova müraciət edib. Müraciətin bir nüsxəsi də Vergilər Nazirliyində olan mənbə tərəfindən 365info.az saytının redaksiyasına göndərilib.

Müraciətin tarixi 12.07.2016 cı il olduğu üçün bizə də maraqlı gəldi ki, görəsən Baş Prokurorluq və Vergilər Nazirliyi vətəndaşın müraciəti əsasında nə tədbirlər keçirib?

 Müraciətdə deyilir: “Yazıb Sizə bildirirəm ki, yaşadığım Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın həyətində dəmirdən olan bir köşkdə ərzaq mağazası adı ilə qida məhsulları, meyvə-tərəvəz və ərzaq mallarının ticarət-alveri aparılır. Bu alverə Əbdül adlı şəxs başçılıq edir. Bu şəxs neçə illərdi bizim həyətdə ticarət alveri ilə məşğul olsa da, qonşular tərəfindən ondan mal alanlara, aldıqları malın çekini vermir. Hətta dəfələrlə şahidi olmuşam ki, qonşular tərəfindən ondan alınan malların pulu kassaya da vurulmur. Özüm azacıq apardığım araşdırma nəticəsində, qonşular tərəfindən əldə etdiyim məlumata görə, Əbdül kişi ərazi üzrə vergi orqanlarının əməkdaşlarına aylıq rüşvət verdiyi üçün, uzun illərdir aylıq-illik dövriyyəni vergidən gizlədir” (365info.az).

 LEGİON xatırladır ki, Bakıda qanunsuz “budka”lar hələ 2000-ci ildə Hacıbala Abutalıbovun mer təyin olunmasının ilk vaxtlarında sökülməyə başlamışdı. 17 il ərzində şəhərdə hələ də bəzi yerlərdə köhnə köşklərə rast gəlmək olar. Lakin sual yarana bilər ki, bu köşklər öz varlıqlarını necə və kimin köməyi ilə sürdürürlər? Onlara kim nəzarət edir və ya nəzarətdən kənarda necə qalıblar? Məsələyə aydınlıq gətirmək üçün, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovaya zəng etdik, lakin N.Məmmədova zənglərimizə cavab vermədi. Bakı Şəhər Ticarət və Xidmət Departamentinə zəng etdiyimizdə isə mühafizəçi bizə ancaq mətbuat katibi Əlabbas Bağırovla danışmağı tövsiyə etdi.

Əlabbas Bağırov LEGİON-a bildirdi ki, “şəhərin görkəmini pozan dəmir köşlərin əksəriyyəti yığışdırılıb, lakin bir qismi bəzi həyətlərdə qalmaqdadır”.

Onun sözlərinə görə, bu köşklərdə ərzaq satmaq olmaz, çünki dəmir köşklər ərzaq saxlanılması üçün münasib deyil: “Bu, ölkədəki sanitar normaların pozulmasıdır”.

Bu hallar Respublika Gigiyena və Epidomologiya Mərkəzinə məlumdurmu? Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov LEGİON-a bildirdi ki, mərkəz il yarımdır, Prezidentin sərəncamı əsasında yoxlamaları dayandırıb. Lakin Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynovun fikrincə, Respublika Gigiyena və Epidomologiya Mərkəzi dövlət başçısının sərəncamında göstərilən tapşırıqları təhrif edir.

“Həmin sərəncamda göstərilir ki, vətəndaşların sağlamlığına xidmət edən yoxlamalar davam etdirilməlidir. Yoxlamanın prosesuduru özlüyündə qəlizdir. Sahibkarlara yoxlamanın vaxtı və məqsədi Ədliyyə Nazirliyi vasitəsilə bildirilməlidir. Lakin mən düşünürəm ki, yoxlama gözlənilməz olmalı, qanunsuz halları üzə çıxarmalıdır”, – deyə E.Hüseynov qeyd edib.

Biz öyrənmək istədik, görəsən, Nərimanov RİH rəhbərliyi Bakı meriyası tərəfindən sökülən “budka”ların saxlanılmasına necə yanaşır? RİH rəsmiləri Aşıq Alı küçəsi, 7/19 binanın həyətindəki dəmir köşkün varlığından xəbərdardırmı? Biz fevralın 3-də bütün iş günü ərzində dəfələrlə Nərimanov RİH-in təsərrüfat şöbəsinin “narimanov-ih.gov.az” saytında göstərilən bütün nömrələrinə zəng etdik, lakin şöbənin iş nömrələrindən zəngimizə cavab verən olmadı. Nərimanov RİH başçısı Abdin Fərzəliyevin köməkçisi Yusif Sadıqovun iş nömrəsinə zəng etdikdə isə telefona cavab verən şəxs özümüzü təqdim edəndən sonra bizə “Bir dəqiqə gözləyin” dedi, dərhal dəstəyi asdı.

Bir dəqiqə deyil, bir saat deyil, iki-üç saat sonra da zəng etdiyimizdə belə, həmin nömrədən zəngimizə cavab verən olmadı. Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

LEGİON


Digər xəbərlər

0.26890110969543