AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

14:07 10-05-2024 | icon 393
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
(AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında
yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla
yüklənmiş avtomobil karvanı yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin
kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatları verilir.
Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün
bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları
göstərirlər.
Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas
əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, dövlətimiz üçün digər
əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər
həyata keçirir, o cümlədən sovqatlar,  hədiyyələr verir: “Bu, dövlətimizin başçısı
cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə bilavasitə dəstək xarakteri
daşıyır. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101 ili
tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilir. Ötən il isə
Ulu Öndərimizin 100 illiyi böyük təmtəraqla xalqımız və dövlətimiz tərəfindən
yüksək səviyyədə qeyd olundu. Eləcə də dünyanın müxtəlif ölkələrində bu
münasibətlə silsilə tədbirlər keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevə
minnətdarıq ki, 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Çünki Ulu Öndərimizin
ideyaları, siyasi irsi daim yaşamalıdır, təbliğ olunmalıdır. Hər kəs, o cümlədən də
gələcək nəsil bilməlidir ki, bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin
dövlətçilik fəlsəfəsinin üzərində bərqərar olub. AHİK və üzv təşkilatları da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirdi. Bütün ilboyu davam edən tədbirlərimiz həmkarlar ittifaqlarının mövcud olduğu bütün idarə,
təşkilat və müəssisələrdə baş tutdu”.
Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin doğum günü həm dövlətimiz,
həm də xalqımız üçün əlamətdar bir gündür: “Çünki o, Azərbaycan yolunda bütün
ömrünü xərcləyib. Onun xalqımızın və dövlətimizin həyatında gördüyü işlərə
baxanda bir daha əmin oluruq ki, Heydər Əliyev bizim sərvətimizdir, qismətimizə
düşmüş ALLAH payıdır. Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman
keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və xalqa
sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki, belə əziz bir gündə istədik
ki, Ulu Öndərimizin bizə miras qalan qiymətli və müqəddəs tövsiyələrinə sadiq
qalaraq şəhidlərimizin ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-
mənəvi dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.


Digər xəbərlər

0.32000684738159