Deputatdan şok açıqlama: İqtidar-qaçqın qarşıdurmasını kimlər körükləyir? - Pərdəarxası məqamlar

13:53 07-02-2017 | icon 5124
Deputatdan şok açıqlama: İqtidar-qaçqın qarşıdurmasını kimlər körükləyir? - Pərdəarxası məqamlar
İqtidarla qaçqınları üz-üzə qoyan, gərginliyi körükləyən qüvvələr var

Politika.Az-ın məlumatına görə,
hakimiyyət daxilində məkrli planlar quranlar fəaliyyətdədir.

Bu qüvvələr məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi məsələsini böyüdürlər.

Məlumdur ki, bundan sonra sayğaclaşma işlərinə başlanılıb. Bu isə məcburi köçkünlərin müqavimət göstərməsinə səbəb olub.

Bakıda və bölgələrdə məcburi köçkünlər aksiyalar keçirərək buna etiraz ediblər. Mənbə qeyd edir ki, köçkünləri qızışdıran təxribatçı qüvvələr də var.

Baş verən hadisələrlə bağlı millət vəkili Zahid Oruc fikirlərini bölüşüb. Onun sözlərinə görə, hazırkı dövrdə məcburi köçkünlərlə bağlı məsələlərin mahiyyətini təhrif edərək yurd-yuvasından didərgin düşmüş insanları hakimiyyət orqanları ilə üz-üzə qoymağa çalışırlar:

“Həmin şəxslər 90-cı illər mübarizələrindən keçən, inqilabi hadisələr üzrə ixtisaslaşmış qüvvələrdir və daha çox bu istiqamətdə istəklərini göstərirlər. Faktiki olaraq virtual məkanda köçkünlərin sosial problemlərindən əllərini qızdıranlar çoxdur. Öz evini itirmiş adamların dərdi, hazırki vəziyyətdəki durumu onları çox da maraqlandırmır. Köçkünlərin durumu onları üşütmür, əksinə, qeyd etdiyimiz vəziyyətin gərginləşməsi üçün addımlar atılır.

36 manatlıq vəsaiti təqdim edəndə sanki o məvacib bir ailəyə nəzərdə tutulurmuş kimi təqdim edirlər. Halbuki 36 manat ailədə hər bir nəfərə verilən vəsaitdir. Bu faktın özü sübut edir ki, qərəz və informasiyaların təhrif edilməsi mövcuddur.

Məcburi köçkünlər üçün Azərbaycan dövləti ötən illərdə 8 milyard vəsait xərcləyərək onları qəsəbələrlə, yaşayış evləri ilə təmin edib. Bununla bağlı hansı işlər görüldüyü barədə statistik məlumatlar yayılıb”.

Politika.Az xəbər verir ki, o qüvvələr əslində bu köçkünlüyün yaranmasında müəyyən məsuliyyət sahibi idilər. O adamlar indi köçkünlərə gerçəkdən də canıyanan qüvvəyə çevriliblər.

Deputat müşahidə edir ki, həmin adamlar bu məsələdən spekulyasiya edirlər: “Məqsəd mühüm bir sosial qüvvəni hakimiyyət orqanları ilə toqquşdurmaqdır. Buna yol vermək olmaz”.

Onu da deyək ki, Azərbaycan prezidenti bütün sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır.

Cənab prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. İmzalanan Fərman da bu qayğının bariz nümunələrindən biridir.

Dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq.

Politika.Az

 


Digər xəbərlər

0.23604798316956