Şərəfli müəllim ömrü

10:39 19-11-2019 | icon 671
Şərəfli müəllim ömrü

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi... Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir. Ömrünün çoxunu gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında söhbət açmaq istəyirəm. Vətənpərvər, xeyirxah, mərhəmətli, alicənab bir ziyalı haqqında... Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Ədalət Camalova 

“Məktəb sizin üçün nədir?” - sualına, Ədalət müəllim belə cavab verir:

–Məktəb – bir insan, bir vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir.
Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.
Müəllim olduqca çətin və məsuliyyətli peşədir. Sən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalısan. Onları hər yöndən tanımağa çalışmalısan. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Artıq ikinci sinifdə hər bir uşağı kəşf etmək mümkündür. Hər gün dərsdən sonra şagirdlərim haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.
Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.
Hər bir şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.
Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar.


–Valideyn müəllimlə həmişə əlaqə saxlamalı və övladı ilə daima maraqlanmalıdır. Valideyn övladının dərslərilə maraqlanmalıdır.
Uşaqlar axtarışda olmalı, zəhmətə alışmalıdırlar. Mən özüm dərslərimi valideynlərimlə öyrənirdim. Əgər dərsdə çətinliyim olurdusa, bütün ailə bu məsələ ətrafında səfərbər olurdu.
Ümumiyyətlə, ailənin təhsilə təsiri çox önəmlidir. Təcrübəmə əsasən deyim ki, biz şagirdə baxdığımız anda, artıq onun necə bir ailədən çıxdığını görürük. Valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.


Uşaqlar ətirli gül kimidir. Bağban gülə qulluq etməsə, onlar saralar, solar və məhv olar. Uşaqlar da belədir. Onalara dəyər verilməzsə, ruh düşkünlüyü, inamsızlıq yarana bilər.


Bacarıqlı, istedadlı uşaqları müəllim tez hiss edir və onları daha da həvəsləndirməklə, daimi irəliyə addımlamalarına həvəs və inam yaratmalıdır. Müəllimin uşaqlara dərsi əzbərlətməsi, məncə, düzgün deyil. Şagirdlərin sərbəst düşünməsinə imkan verilməli, dərsdə fəal iştirakına şərait yaradılmalı və həvəsləndirilməlidir. Şagirdlərə kiçik vaxtlarından tariximiz, ədəbiyyatımız, coğrafiyamız öyrədilməli, tarixi şəxsiyyətlərimiz haqqında məlumat verilməlidir. Müəllimlər hər zaman axtarışda olmalıdır. Çünki hazırlıqlı müəllim şagirdin qarşısında bir ideala çevrilməlidir.

Ədalət müəllimə eyni zamanda, ictimai işlərdə fəal iştirak edir. Bir çox tədbirlərin təşkilatçısıdır.

Təcrübəli pedaqoq, vətənpərvər ziyalı olan Ədalət xanımın ən böyük arzusu işğal olunmuş ərazilərimizin tezliklə erməni quldurlarından azad olunmasıdır.

Hər birimiz bu arzuyla yaşayırıq. Güclənməkdə olan ordumuzun və xalqımızın birliyi, bütövlüyü sayəsində, işğalda qalan Qarabağımızı azad etməyə borcluyuq.

 


Digər xəbərlər

0.23563814163208