"Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir"

09:12 18-10-2018 | icon 3306

Rüstəm Xəlilov - Millət vəkili

 

Bu gün müasir, güclü Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü tamam olur. Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq və müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədilə Sərəncam imzalayıb. Dövlət başçısı İlham Əliyevin həmin Sərəncamı əsasında həyata keçiriləcək işlərin nəticəsi olaraq, bir daha gənc nəsillərə göstəriləcək ki, dövlətimizin müstəqilliyinin əldə olunması, onun qorunub saxlanılması və inkişaf etdirilməsi uzun illər ərzində çəkilmiş zəhmətin bəhrəsidir...


Ümumiyyətlə, Azərbaycan xalqının dövlətçilik tarixi olduqca dərin köklərə malikdir. Müasir dövrə qədər xalqımızın formalaşdırdığı dövlətlər, həmin dövlətlərin qurduğu münasibətlər indiki siyasi təcrübəmizin, dövlətçilik ənənələrimizin əsasını təşkil edir. Bütövlükdə, tarixin hər bir mərhələsində xalqımızın hər bir nümayəndəsini müstəqillik amalı, arzusu birləşdirib. Amma bu bir həqiqətdir ki, Cənubi Qafqaz regionu imperiyaların savaş meydanına çevrildikcə, bizim müstəqilliklə bağlı istəklərimiz elə arzu olaraq qalırdı. Rusiya, İran və Osmanlı bu bölgədə strateji maraqlarını təmin etmək üçün Azərbaycanı döyüş poliqonuna çevirmişdilər. Son nəticə olaraq isə “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra torpaqlarımız İranla Rusiya arasında bölüşdürüldü. Bu səbəbdən də, Səfəvilərdən sonra faktiki olaraq, XX əsrə qədər mərkəzləşdirilmiş dövlətimiz olmadı...
Lakin yaddan çıxarmaq olmaz ki, həmin dövrlərdə Azərbaycan mütəfəkkirləri müstəqilliklə bağlı ideyaları ilə cəmiyyətimizi silahlandırır, bu arzunun reallaşdırılması üçün potensialımızın ortaya qoyulmasına çalışırdılar. Xalqımızın ziyalıları təqib olunmalarına baxmayaraq, Azərbaycan xalqının müstəqil dövlətə sahib olması üçün bütün varlıqları ilə mübarizə aparırdılar. Beləliklə, uzun mübarizədən sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik ənənələrimizin rüşeymlərinin ölmədiyi öz təsdiqini tapdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik uğrunda növbəti mübarizə dalğası üçün əlverişli şərait yaratdı.
70 illik totalitar rejimin əsarətində yaşamağımıza baxmayaraq, xalqımızın azadlıq ruhu, müstəqillik arzusu daha da möhkəmləndi. Nəhayət, Azərbaycan xalqı 1988-ci ildə müstəqillik əldə etmək arzusunu konkret məqsəd kimi ortaya qoydu...
Məlum olduğu kimi, hələ 1980-ci illərin sonlarından etibarən imperiya rəhbərliyi Azərbaycan xalqının müstəqilliyə aparan yolda ortaya qoyduğu iradənin qarşısını almaq üçün hər bir üsula əl atırdı. Xüsusilə SSRİ imperiyasının rəhbəri Qorbaçov və onun respublikamızdakı əlaltıları müxtəlif vasitələrdən istifadə etməklə, həm torpaqlarımızı parçalamağa, həm də müstəqilliklə bağlı arzularımızı beşiyindəcə boğmağa çalışırdı. Bəhs edilən dövrdə müxtəlif təxribatların törədilməsi, azərbaycanlıların qətlə yetirilməsi, bütün bunların kulminasiya nöqtəsi sayıla biləcək qanlı 20 Yanvar faciəsinin törədilməsi xalqımıza qarşı çevrilmiş antimilli siyasətin nəticələri idi. Həmin hadisələr zamanı Azərbaycan bu yolda çoxsaylı qurbanlar versə də, hər kəs üçün ali dəyər hesab olunan müstəqilliyi əldə edə bildik.
XX əsrin sonlarında Azərbaycanın müstəqillik yolunda atdığı ilk siyasi-hüquqi addım isə 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamənin qəbul edilməsi oldu. Bunun ardınca, Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da, Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu.
Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və Cümhuriyyətin yarandığı 28 may tarixi Respublika günü kimi qeyd olunmağa başladı. Bundan sonra, Azərbaycan qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla, beynəlxalq münasibətlər sisteminin suveren subyektinə çevrildi.
Heç bir tərəddüd etmədən vurğulamaq yerinə düşər ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq, Ümummilli lider Heydər Əliyevin strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
Keçmiş SSRİ-nin süqutunun qaçılmaz şəkil alması isə onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı.
Bununla belə, 70 ildən artıq bir dövrdə öz azadlığına qovuşmaq həsrəti ilə yaşayan Azərbaycan xalqının müstəqillik sevinci ciddi təhlükə ilə üz-üzə qalmışdı. Belə ki, ermənilərin 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı həyata keçirdikləri qəsbkarlıq siyasəti, eləcə də, o zamankı iqtidarın bacarıqsız siyasəti Azərbaycan dövlətini parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar, ordudakı hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşmışdı. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi isə öz növbəsində dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə malik Ulu öndər Heydər Əliyevin məhz belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Beləliklə, 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlandı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də, ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Daxili siyasətin davamı kimi, xarici siyasətdə də mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri maliyyə şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü il sentyabrın 20-də Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın məntiqi nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft sazişi imzalandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması isə böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.
Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb.
Hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət xəttini daha da təkmilləşdirib.
Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olub.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Təsadüfi deyil ki, dünyada maliyyə böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi yüksək olub. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrası, eləcə də, Azərbaycan Prezidentinin sosial təminatların, əməkhaqları və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür.
Keçid dövrünü başa vuran respublikamız bu gün artıq özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilib. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmiryolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.

Bir sözlə, müstəqilliyimizin 27-ci ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qəhrəman insanlarımızın qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.


Digər xəbərlər

0.26371502876282