Azərbaycan bu il 1 tondan çox narkotik vasitəni dövriyyədən çıxarıb

10:02 20-12-2018 | icon 3538
Azərbaycan bu il 1 tondan çox narkotik vasitəni dövriyyədən çıxarıb

Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Komitə sədri Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin mövcud olduğunu və gömrük sahəsində də bu münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan şəkildə həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib. Diqqətə çatdırılıb ki, bu il ərzində Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb və bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.

S. Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə olacaq.

Vilyam Varen vurğulayıb ki, Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.


Digər xəbərlər

0.27221012115479