“2019-cu ildə xarici siyasət prioritetlərinə...” - XİN başçısı

13:54 25-12-2018 | icon 4263
“2019-cu ildə xarici siyasət prioritetlərinə...” - XİN başçısı

Xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair KİV-in ünvanlandığı sualları cavablandırıb.

AzərTac-a istinadən həmin müsahibəni ixtisarla təqdim edirik:

- Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münaqişənin həlli üzrə danışıqların, xüsusilə son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda, gələcək perspektivlərini necə görürsünüz? 

 

Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilib Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməyib. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə Ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində qəbul olunmuş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunur ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırıldı. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaqdır. Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaqdır. Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır.

- Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir? 

Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini güdən ölkəmiz, bildiyiniz kimi 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirləl Neru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik olan bir qurumdur. Təqdirəlayiq bir haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.

Məlum olduğu kimi, bu ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə 3 əsas prioritet üzərində qurulacaqdır və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.

Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlar yaradacaqdır. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata sədrliyimiz həmçinin, ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

- 2019-cu ildə Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu Azərbaycana hansı dividentləri gətirəcək? 

Azərbaycan Avropa-İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından olduqca faydalı olub. Bu xüsusda, cari ilin 11 iyul tarixində prezident  İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, 15 oktyabr tarixində isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələni açacaq Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişi və onun üzərində aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcəkdir. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.

Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.

- Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq? 

Ölkəmiz cari ildə olduğu kimi, qarşıdan gələn il ərzində də prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında, ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcəkdir.

Bu gün Azərbaycan bölgədə böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

2019-cu ildə xarici siyasət prioritetlərinə əlbəttə ki, ilk növbədə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir


Digər xəbərlər

0.25521206855774