Anım günündə Heydər Əliyevə qarşı tərbiyəsizlik

15:36 10-01-2019 | icon 3248
Anım günündə Heydər Əliyevə qarşı tərbiyəsizlik

Tarixin ziddiyətli və mürəkkəb dövrü, həmin vaxt  ölkəyə rəhbərlik  etmiş şəxsiyyətlər  haqqında  xatirə yazılarını, memuarları oxumaq həmişə oxucu  üçün maraqlıdır.

Ən azı ona görə ki, həmin dövrlə bağlı cavab tapa bilmədiyimiz bəzi  qaranlıq  məqamlara memuarlarda bəzən  aydınlıq gəlir. Bizdə çox təəssüf ki, xatirə yazıları, memuarlar  adətən  məişət səviyyəli olur və dedi-qodudan o tərəfə keçmir. Məsələn, rəhmətlik Sirus Təbrizlinin  xatirə yazıları, “Naxçıvana birinci mən getmişəm, onda Heydər Əliyevin görüşünə  getməyə çoxu qorxurdu...” və s  tipli idi.

Yaxud  Bakının keçmiş  meri  mərhum  Rəfael Allahverdiyev  öz xatirələrində “Heydər Əliyevi öz köhnə  maşınında ora-bura aparmağından, onun  evsiz-eşiksiz olmağından ...”  dönə-dönə bəhs edirdi.

Bizimkilərin xatirə  yazıları  dərin mətləblərə toxunmasa da, hər halda tariximizin  bir parçasıdır.

Bu mənada  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ)  sabiq  rəisi, hazırda ədliyyə nazirinin müavini  olan general-leytenant Məhərrəm Əliyevin ümummilli  liderin 12 dekabr anım günü  ilə  bağlı Qafqazinfo.az saytına verdiyi müsahibə diqqətimi cəlb etdi.

Və sözün düzü  müsahibə ilə  bağlı  xırda  qeydlərimi həmin gün isti-isti  qələmə aldım. Ancaq anım gününə hörmət  olaraq öz fikirlərimi  paylaşmağı  bir  müddət gecikdirdim. 

Bəli, müsahibənin girişində cənab Məhərrəm Əliyev oxuculara belə təqdim olunur: “10 ildən çox Əliyevlə çiyin-çiyinə çalışan, ona “Heydər” deyə müracət edən AZSAYLI   insanlardan biri də o vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini icra edən general-leytenant Məhərrəm Əliyevdir”.

 

Axı,  özündən yaşca böyük  insanı ADI ilə çağırmaq nə vaxtdan qəhrəmanlıq-hünər  hesab  edilir ?

 

Bu nə sayqısızlıqdır, nə də hörmətsizlik. Bu hərəkətin  bir adı var - tərbiyəsizlik.

 

Görəsən,  heç bir ədəb-ərkana sığmayan və  məhz  anım günü  cəmiyyətə  təqdim edilən bu fikir kimə məxsusudr:  Məhərrəm Əliyevə, yoxsa  redaksiyaya?

 

Axı, Məhərrəm  Əliyev  özündən təxminən 30 yaş böyük, yəni atası yaşda şəxsə necə adı ilə müraciət edə bilərdi?

Digər tərəfdən haqqında  söhbət gedən şəxs  sıradan biri deyil, dövlətin başçısıdır və Məhərrəm  Əliyev  onun tabeçiliyində olan məmurdur. Belə olan halda  polis rəisi  prezidentə necə “ Heydər” deyə bilərdi?

Heydər Əliyevi uzaqdan-yaxından tanıyan, onun xarakterinə bələd olanlar gözəl bilir ki, keçmiş prezident nəinki tabeçiliyində olan istənilən ranqlı məmura, hətta öz yaxınlarına belə imkan verməzdi ki, ona adı ilə müraciət olunsun.

 

Həm də  insaf naminə  qeyd etmək istəyirəm ki, hörmətli Məhərrəm Əliyevi şəxsən tanımasam da uzaq müşahidələrimə əsasən deyə bilərəm ki, bu şəxs kifayət qədər ədəb-ərkanlı, dövlət təcrübəsi olan insandır və onun atası yaşda şəxsə, üstəlik dövlət rəhbərinə adı ilə müraciət etməsi  mümkün olan  iş deyil.  

 

Axı,  subardinasiya deyilən qayda var, dövlət tərbiyəsi, dövlət ərkanı deyilən mühüm  dəyərlər var. Bunu pozmağa kiminsə haqqı yoxdur.

 

Bəs onda  bu biabırçı  təqdimat  müxbirin  ağlına haradan gəlib ? Müxbirin nəyinə lazımdır ki, Məhərrəm Əliyevi cəmiyyətə məhz  bu cür təqdim etsin ?

Bu  doğrudanmı, müxbirin fantaziyasının, təxəyyülünün məhsuludur ? Bəs  redaksiya ?

Bəs mətbuata  görə məsuliyyət daşıyan görəv sahibləri?

Bir gün sonra  haqqında söhbət gedən müsahibədən həmin  “təqdimat”ı çıxartmaqla nəsə dəyişirmi ?

Mənim bu xırda qeydləri etməkdə məqsədim kimlərisə ittiham etmək deyil.

Sadəcə, dünyasını dəyişmiş  şəxsiyyətlərimiz barədə belə “təqdimat”lar gələcəkdə başqa qələm sahibləri üçün də nümunə ola bilər.

Haqqında  bəhs etdiyim bu “təqdimat”ın bir xoşagəlməz tərəfi də odur ki, zaman keçdikcə bəziləri öz “razmer”i ilə Heydər Əliyevin miqyasını  səhv salır. Və unudurlar ki, qazandıqlarına görə mərhum Heydər Əliyevə borcludurlar. Rəhmətlik Məmməd Araz demişkən:

 

       Bir ağılın budağından sallanıb,

       Neçə-neçə ağlıdayaz  yaşayır.

 

Yaşayın! Amma  budaqlarını sındırmayın.

 

NUH.az-ın baş  redaktoru  Kamran Məhərrəmli


Digər xəbərlər

0.23604798316956