ADRA müfəttişləri sahibkarlara  qənim kəsilib - FOTO

14:44 22-01-2019 | icon 2501
ADRA müfəttişləri sahibkarlara  qənim kəsilib - FOTO

"Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir" - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlar, iş adamları üçün münbit şəraitin yaradılması üçün dəfələrlə müvafiq dövlət qurumlarına ciddi göstərişlər verib, hətta bu məqsədlə struktur islahatları həyata keçirib.
Ancaq bəzi qurumlar və məmurlar öz şəxsi məqsədləri üçün Prezidentin bu xoşməramlı təşəbbüslərini qulaqardına vurur, köhnə əməllərini davam etdirirlər.


Belə qurumlardan biri də Azərbaycan Dövlət Reklam Agentliyidir (ADRA).


Qeyd edək ki, uzun müddət paytaxtın reklam işləri ilə Bakı ŞİH-nin nəzdində olan Reklam İdarəsi məşğul olub. Bu qurumun neqativ əməllərinə və digər səbəblərə görə, idarə ləğv edildi və Dövlət Reklam Agentliyi yaradıldı.


Sahibkarlar və iş adamları düşündü ki, Prezidentin bu addımından sonra nəhayət reklam sahəsində müsbət dəyişikliklər baş verəcək. Amma sən saydığını say, gör ADRA-nın müfəttişləri nə sayır.


Məlumat üçün qeyd edək ki, paytaxtda reklam işləri ilə ADRA-nın Bakı Reklam İdarəsi məşğul olur. Amma necə?


Redaksiyamıza iş adamı, Bakı şəhəri, H. Əliyev küçəsində yerləşən "Hüseyn" marketin sahibi Sudef Məcidov müraciət edərək bildirib ki, 17.01.2019-cu il tarixdə ADRA-nın bir neçə əməkdaşı mağaza önündə vurulan reklam lövhələrini qanunsuz olaraq, əvvəlcədən heç bir bildiriş, xəbərdarlıq etmədən söküblər. Onun özü və ərazidə yerləşən digər iaşə obyektlərinin sahibləri ilə məmura yaraşmayan tərzdə kobud davranıblar. Qeyri -qanuni vəsait tələb istəyib, sökülən reklam lövhələrini “Qazel” markalı yük maşını ilə qanunsuz olaraq özləri ilə aparmağa cəhd ediblər, ancaq obyekt sahibləri buna imkan verməyib.

(ADRA-nın müfəttişləri)

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, reklam haqqında qanuna görə, reklam daşıyıcısı olmaq üçün konkret şərtlər var, yəni lövhənin sahəsi 2 kv.m-dən az və sayı 1-dən çox deyilsə, həmin lövhə reklam daşıyıcısı hesab edilmir. Hansısa obyekt sahibi öz obyekti ilə bağlı məlumat xarakterli lövhə asıbsa bu reklam daşıyıcısı hesab oluna bilməz. Reklam müfəttişləri isə sahibkarların məlumatsız olmasından sui-istifadə edərək, obyekt sahiblərindən pul tələb edir, qanunsuz olaraq müqavilə bağlamağı təklif edirlər. Bu azmış kimi obyektlərin bayır divarından asılmış məlumat xarakterli lövhələri zorla söküb aparırlar. Hətta bu barədə xəbərdarlıq etmirlər.


Bütün bu qanunsuzluqlarla bağlı agentliyin sektor müdürü Orxan Kərimovla əlaqə saxladıq. Kərimov da saytımıza açıqlamasında müfəttişləri kimi, məmura xas olmayan formada " Bizdə qanunlar belədir. Sahibkar dövlətlə dövlətçilik etməyəcək ki?" dedi.

ADRA-nın mətbuat xitmətindən isə bildirildi ki, Agentliyin Bakı şəhər Reklam İdarəsinin əməkdaşları qeyd olunan obyektdə olub, onlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və bununla əlaqədar bildiriş təqdim edərək, açıq məkanda icazəsiz yerləşdirilən, estetik baxımdan yararsız, o cümlədən yol kənarındakı sütuna yapışdırılmış reklamın yayımının dayandırılmasını bildiriblər. Bu halda qanunvericiliyə əsasən pozuntular 3 gün ərzində aradan qaldırılmadığına görə ADRA əməkdaşları həmin reklamların yayımının dayandırılması üçün zəruri tədbirlər görüblər. 

İş adamı saytımız vasitəsilə Dövlət Reklam Agentliyinin rəhbərliyindən bu qanunsuzluqlara son qoyulmasını tələb edib. Əks təqdirdə iş adamları ölkə başçısına müraciət edəcək.


Quruma ünvanladığımız aşağıdakı sualları və qurumun cavabını da təqdim edirik:

SORĞU:

1.Reklam lövhələrinin vurulması üçün nəzərdə tutulan dövlət rüsumu nə qədərdir?

2. Reklam lövhələri hansı hallarda sökülə və müsadirə oluna bilər?

3. Reklam lövhələrinin sökülməsi üçün sahibkara rəsmi xəbərdarlıq olunmalıdırmı və
hansı müddətdə?

Cavab:

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və
yayım haqqı Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743
nömrəli Fərmanına əsasən tənzimlənir. Hər bir şəxs Agentliyin rəsmi internet saytına
(www.adra.gov.az) daxil olaraq reklam yerləşdirmək istədiyi ərazini və reklamın
ölçülərini qeyd etməklə kalkulyator vasitəsilə qiymətləri avtomatik əldə edə bilər.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
428.7.1-ci maddəsində müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi
olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə
görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz
manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan on min
manatadək məbləğdə cərimə edilirlər.


P.S. Sahibkar isə bildirir ki, ona heç bir yazılı, yaxud şifahi xəbərdarlıq edilməyib.

 


Digər xəbərlər

0.24631404876709