“Haqq-ədalət bizim tərəfimizdədir” - İlham Əliyev

19:24 02-04-2019 | icon 3189
“Haqq-ədalət bizim tərəfimizdədir” - İlham Əliyev

“Hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır”.

Bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olub: 

“Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”.

Prezident əlavə edib ki, danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır:

“Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun”.

Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olunub. 


Digər xəbərlər

0.23387885093689