Gömrük Komitəsindən rüşvət iddiası ilə bağlı xəbərə münasibət

08:44 23-04-2019 | icon 2436
Gömrük Komitəsindən rüşvət iddiası ilə bağlı xəbərə münasibət

Dövlət Gömrük Komitəsi ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandırmasıyla bağlı yayılan məqaləyə münasibət bildirib. 

Bununla bağlı qurumun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki,  yayılan məlumat iftiradır və həqiqətə uyğun deyil: “Əvvəla, inhisarçılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir. Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, ölkənin gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" qanuna, həmçinin qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

 

Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.

Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb. 

Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur.

Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin açıqlamalarında dəfələrlə bəyan olunub ki, gömrük sistemində korrupsiyaya, rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılır və istənilən şəxs bu barədə faktlara malik olduğu təqdirdə birbaşa hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Üstəlik gömrük xidmətinin bu istiqamətdəki fəaliyyəti nəinki ölkə daxilində, beynəlxalq miqyasda da təqdirlə qarşılanır”.


Digər xəbərlər

0.29527902603149