“Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir” - Vüqar Rəhimzadə

16:38 08-05-2019 | icon 3260
“Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir” - Vüqar Rəhimzadə

"Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görür, möhkəm təməl üzərində addımlayan Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edirik. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir".

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırışdır.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu günümüzdən müstəqilliyimizin ilk illərinə bir baxış keçirsək, atılan addımların, görülən işlərin mahiyyətini, əhəmiyyətini daha dərindən dərk edirik. Müstəqilliyimizin ilk illəri Azərbaycanın tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül dövrü kimi yazılıb. Həmin illərdə xalqımızın sabaha ümidi tamamilə itmişdi. «Olum, ya ölüm» dilemması qarşısında qalan Azərbaycan xalqı onu bu vəziyyətdən çıxaracaq yeganə liderin ulu öndər Heydər Əliyev olduğunu onun yenidən hakimiyyətə qayıtması çağırışını etməklə bildirdi. Hər zaman xalqının yanında olan ulu öndər Heydər Əliyev yenə də xalqın təkidli tələbini müsbət cavablandıraraq hakimiyyətə qayıtdı.

V.Rəhimzadə deyib ki, ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə demokatik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün atributlar bərqərar oldu. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımlar atıldı. Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi kimi biri-birindən önəmli addımlar ulu öndər Heydər Əliyevin humanizm siyasətinin əsas tərkib hissələridir. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlamasına yol açıb.


Digər xəbərlər

0.27132201194763