Orxan Səfərov dünya çempionatına niyə aparılmır? - Federasiyadan açıqlama

15:44 06-08-2019 | icon 2944
Orxan Səfərov dünya çempionatına niyə aparılmır? - Federasiyadan açıqlama

IV İslam Həmrəyliyi oyunlarının ikiqat qalibi (fərdi və komanda şəklində) olmuş cüdoçu Orxan Səfərov 25 avqust-1 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Bu barədə 60 kq çəki dərəcəsində mübarizə aparan Səfərovun özü “Facebook” profili vasitəsilə məlumat verib:

“Dünya çempionatına gedəcək milli komandanın heyəti məlum oldu və mən bu dünya çempionatında heyətdə yoxam. Federasiyamızın mənə böyük dəstəyi olduğu halda, baş məşqçi ilə olan problemlərim mənim heyətdən kənar qalmağıma səbəb oldu. 60 kq-da keçirilən “yenidən baxış” üç nəfər arasında keçirilən yarışda öz istəyimlə iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm. Üç Avropa və iki dünya çempionatı medalı buna sübutdur, o biri iştirakçıların heç birinin böyük medalı olmadığı halda. Bunu burda yazmağımın səbəbi də budur ki, hamı soruşur, maraqlanır və hamıya cavab verməyə fürsətim olmur. Tokio dunya çempionatı mənsiz olacaq. Mənə azarkeşlik edən hər kəsə təşəkkür”.

İdmançının sözlərindən belə başa düşülür ki, kişi cüdo millimizin ukraynalı baş məşqçisi Ruslan Maşurenko ilə arasında problem olub. Maşurenko isə ona qarşı qərəzli davranıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu açıqlamasında bunun qərəzli yox, idmançının son yarışlarda nəticəsinin zəif olması ilə əlaqələndirib:

“Orxan Səfərov 2017-ci ildə Macarıstanın paytaxtı Budepeştdə keçirilmiş dünya çempionatında gümüş medal qazandıqdan sonra böyük yarışlarda nəticə verməyib. Görünür, artıq çəki problemi və psixoloji məsələlər onun medal qazanmağına mane olub. Federasiya hər zaman Orxanın arxasında dayanıb. Adicə bir faktı deyim ki, Minskdəki II Avropa Oyunları zamanı da Orxan 60 kq çəki dərəcəsində, cüdoçuların dili ilə desəm, “perekidka”da (güclünü müəyyənləşdirmək üçün keçirilən qeyri-rəsmi yarış - red.) iştirakdan azad olunub. Ancaq bu çəkidə ikinci idmançı kimi Kəramət Hüseynov Oruc Vəlizadə ilə “perekidka”dan qalib ayrılaraq II Avropa Oyunlarında iştirak etdi.

Yəqin Cüdo Federasiyası belə etməməli idi. Çünki orada beş medal (bir gümüş və dörd bürünc) qazandıq. Bu nəticə isə cüdosevərləri və idman ictimaiyyətini qane etmədi. Eləcə də federasiyanın özü də orada daha çox medal gözləyirdi.

Yığma Niderlandda təlim-məşq toplanışında olarkən məşqçilər tərəfindən elan edilib ki, dünya çempionatına getmək üçün 60 kq-da rəqabət çox güclü olduğundan, Orxan da daxil olmaqla Kəramət Hüseynov, Davud Məmmədsoy və Oruc Vəlizadə arasında “perekidka” keçiriləcək. Eləcə də gənclər komandamızda Rövşən Əliyev, Balabəy Ağayev, Əhməd Yusifov, Tofiq Məmmədov və Rəşad Yelkiyevi bu çəkidə namizəd saymaq olar.

Ancaq Orxan Bakıda keçirilən “perekidka”da iştirakdan imtina edib. Nəticədə üç idmançı – Kəramət, Davud və Oruc arasında görüş keçirilib. Həmin görüşlərdə Davud üstün ayrılıb və dünya çempionatında 60 kq-da Azərbaycanı təmsil etmək hüququ qazanıb. Üstəlik, bu “perekidka”lar cüdoda tanınmış simalar olan Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Sahib İsmayılov, Ruzbek Vəliyev, Tərlan Poladov və digərlərinin təmsil olunduğu şuranın gözü önündə keçirilir. Yəni burada kiməsə qarşı haqsızlıqdan, qərəzdən söhbət gedə bilməz. Rəqabət varsa, buna tab gətirmək lazımdır, nəticələr verməlisən. Əgər Avropa Oyunlarında medal qazansaydı, kimsə ona bir söz deməzdi.

Bununla həyat bitmir. Orxanın yenə Olimpiadaya getmək şansı var. Hələ Tokio Olimpiadasına bir il vaxt var. O, xallar toplayıb, lisenziya qazansa, Olimpiya Oyunlarına gedəcək”.

Qeyd edək ki, hazırda kişi cüdo millimiz Macarıstanın Tata şəhərində dünya çempionatına hazırlaşır. Avqustun 10-dək davam edəcək toplanışda Orxan Səfərovun özü də iştirak edir.(oxu.az)


Digər xəbərlər

0.32239699363708