Rövnəq Abdullayev “Qarabağ”ın qrupa düşməsindən danışdı

19:00 30-08-2019 | icon 2798
Rövnəq Abdullayev “Qarabağ”ın qrupa düşməsindən danışdı

“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm". 

Bunu qurumun prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlamasında deyib. 

 

Federasiya rəsmisi bildirib ki, ardıcıl 6-cı dəfədi ki – bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkənin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır: "İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridi. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”. - deyə Abdullayev vurğulayıb

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" komandasını iki oyunun nəticəsinə əsasən üstələyib. Belfastdakı matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşsa da, Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında Ağdam klubu qalib gəlib - 2:1. Nəticədə "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün qrup mərhələsinə yüksəlib. Ölkə çempionu qrup mərhələsində "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) birgə A qrupuna düşüb.


Digər xəbərlər

0.25240111351013