Namiq Əliyev: "Tokio-2020"yə lisenziyaların yarısını əldə edəcəyimizə ümidvarıq"

15:19 06-09-2019 | icon 3853
Namiq Əliyev:

"Bu, çox önəmli dünya çempionatıdır və Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya verən yarışdır. Olimpiya lisenziyaların sayı azalıb. Hər bir çəkidəki idmançı sayı 21-dən 16-a endirilib. Buna görə də çox çətin olacaq. Komandamız isə kifayət qədər hazırlıqlıdır. Uğurla çıxış edəcəyimizi düşünürəm".

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempiponatı barədə danışarkən deyib.

Federasiya rəsmisi bildirib ki, mundialdan öncə zədə ilə bağlı bəzi problemlər olub: "Şərif Şərifov artıq 97 kq-da güləşəcək. Ümid edirəm ki, "Tokio-2020" üçün lisenziyaların yarısını əldə edəcəyik. Hər dəfə olduğu kimi, yenə kifayət qədər medalımız olacaq. Təcrübəli idmançılarımız var. Demək olar ki, mundialda əsas heyət çıxış edir. Dünya və Avropa çempionlarımız da orada olacaq. Əsas hədəfimiz olimpiada üçün lisenziyalar əldə etmək, sonra medallar qazanmaqdır".

Əliyev Azərbaycanın olimpiya çempionu Toğrul Əsgərovun Qazaxıstana getməməsi ilə bağlı da danışıb: "0, hələ tam güləşə bilməsə də, məşqlərini davam etdirir. Bu ilin sonlarında bəzi turnirlər var. Orada onu sınayacağıq. Gələn il Avropa çempionatı keçiriləcək. Ümid edirik ki, həmin vaxtadək hazır olacaq və olimpiadaya gedə biləcək. Mundial üçün heyətdə yeni adlar və gənclər də var. Bu ənənə davam edəcək. Hesab edirəm ki, olimpiadada gənc idmançılarımızın adlarını eşidəcəksiniz. Onlar ilk dəfə mundiala qatılacaqlar".

Qeyd edək ki, çempionat sentyabrın 14-dən 22-dək keçiriləcək.


Digər xəbərlər

0.22863602638245