"Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir"

13:25 16-10-2019 | icon 2641

"Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xüsusən də, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması sahəsində çox böyük işlər görüldü. Avropa təcrübəsi öyrənildi və müharibə şəraitində yaşamağımıza baxmayaraq daxili stabillik təmin edildi və bu gün də qorunur. Ona görə də biz bu gün rahat şəkildə deyə bilərik ki, Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir”.

Bunu saytımıza açıqlamasında Binəqədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP)  Bölməsinə rəisi Mərdan Əliyev deyib.

O bildirib ki, bu, məhz Azərbaycan polisinin xidməti nəticəsində mümkün olub: “Azərbaycan polisi vətəndaşın təhlükəsizliyini, sakit həyat yaşamasını təmin edir və cəmiyyətdə kriminal hadisələrin baş verməsinin qarşısını alır. Ölkəmizdə mütəşəkkil cinayətkar dəstələr yoxdur. İnsanların həyatına heç bir ciddi təhdidlər qeydə alınmır. Eyni zamanda törədilən cinayətlərin də üstü operativ şəkildə açılır. Uzun müddətdir Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasına katib təyin olunmasını Azərbaycan polisinin peşəkarlığı, dövlətçiliyə xidməti və vətəndaşın hüquqlarının qorunmasında göstərdiyi xidmətin dəyəri kimi qiymətləndirilir. Bu gün polis orqanlarında Azərbaycan xalqının dəyərli oğlanları xidmət edir. Xalqımız öz polisi ilə fəxr edir, ona güvənir.

1918-ci ildə Azərbaycan xalqı müstəqil dövlətini yaratdıqdan sonra bir çox dövlət atributlarının, o cümlədən polisin yaradılması barədə qərar verilib: “Azərbaycan polisi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində (AXC) ictimai asayişin qorunmasında böyük işlər görüb. Baxmayaraq ki, bu müddətdə dövlətçilik təcrübəsi az idi və Ermənistan tərəfindən ərazilərin tutulması üçün hücumlar olurdu, müharibə gedirdi. Bununla belə, ictimai asayiş qorunurdu. Həmin dövrün DİN rəhbərləri Azərbaycan tarixində dövlətçiliyə şərəflə xidmət edən insanlar kimi qalıblar. Azərbaycan müstəqilliyini itirdikdən sonra isə məhdud muxtariyyətə baxmayaraq həmin dövrdə sovet milisinin tərkibində Azərbaycan milisi ictimai asayişin qorunmasında, xalqın dinc yaşayışının təmin olunmasında böyük rol oynayıb. Həmin dövrdə daxili işlər orqanları rəhbərləri, əsasən, qeyri-azərbaycanlılardan ibarət idi. Ona görə də azərbaycanlılara qarşı çox böyük təzyiqlər olurdu. Bununla belə, milis orqanlarında çalışan azərbaycanlılar xalqımızın təhlükəsizliyinin və mənəvi dəyərlərinin qorunmasında böyük xidmətlər göstəriblər.

  1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ayrı-ayrı mərkəzi icraetmə strukturlarının yaranma tarixi müxtəlif vaxtlarda qeyd olunurdu. Ulu öndər Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə iyulun 2-də Azərbaycanda Polis Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibəyə cəlb olundu və torpaqlarımızın bir hissəsi işğal edildi. Elə bu dövrdən başlayaraq polislərimiz şücaətlə xidmət etdilər və ön cəbhədə şəhid olanlar arasında polislərimiz də var. Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarında ixtisaslı kadrların sayının artırılması üçün də böyük addımlar atılıb. Məhz bunun nəticəsidir ki, bu gün hər bir vətəndaşımız sabit bir ölkədə rahat şəkildə yaşayır”.


Digər xəbərlər

0.23390007019043