"Balıq" Hafiz Nəqliyyat və RYT nazirini hədələdi: "Sən kimsən saytımı bağlayırsan?"

21:07 01-03-2017 | icon 7115

Bir neçə gündür ki, Politika.Az xəbər portalına giriş bloklanıb

Ölkənin oxunaqlı və populyar xəbər saytlarından birinə giriş mümkün olmur.

Redaksiyanın texniki korpusu problemin həlli ilə bağlı əlindən gələni etsə də, fəaliyyətini bərpa etmək alınmır. Bu da sayta kiber hücumların olduğuna əminlik yaradıb.

Ölkənin tanınmış siyasətçilərindən olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Politika.Az-a edilən kiber hücumlara reaksiya verib.

Prezidentliyə keçmiş namizəd olan MMP sədri bildirib ki, Azərbaycan xoflu məmur ordusu var və onlar ciddi təşviş içində yaşayır: “Ermənilərlə qohumluğu olan bəzi həmin məmurlar qorxuya düşüblər ki, Hafiz Hacıyevin rəhbəri olduğu saytda ifşa edilirlər.

Onlara prezidenti müdafiə edən adamlar lazım deyil. Belələrinə dövlət başçısına, hər bir addımında qətiyyətli olan əziz qardaşıma xəyanət edən adamlar lazımdır.

Biz isə prezidentin yürütdüyü siyasəti müdafiə edirik və bu da saytda öz əksini tapıb. Ona görə də rəhbərlik etdiyim sayta təzyiq göstərmək üçün hücuma keçiblər”.

H.Hacıyev qeyd edib ki, bu günə qədər bir neçə nazir və məmuru ifşa ediblər: “Onların kürəyini yerə vurmuşuq və bu da onların yolunu gedən, prezidentin siyasətinə zidd fəaliyyət göstərən məmurların “kürkünə birə salıb”. Bu günə kimi Ziya Məmmədov, Fərhad Əliyev kimilərini faş eləmişik.

Yaxşı ki, Politika.Az-ın əməkdaşlarının başını kəsməyibər. Ancaq unudurlar ki, prezident son müşavirədə ictimai nəzarəti gücləndirməyi tapşırıb və bu nəzarəti artıranlardan biri də bizik.

Paralel olaraq Müasir Müsavat Partiyası üzvlərini sıxışdırırlar, bizim saytımızı əzirlər. Kimin nə sözü varsa, Xəyyam Salmanzadənin üstünə getməsin, mənim qabağıma çıxsın və cavabını alsın. Hesab edirəm ki, bizə qarşı bir kampaniyadır və təzyiq vasitəsidir”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə də mesaj göndərən Hafiz Hacıyev təcili məsələyə reaksiya verməsini tələb edib:

“Təzə nazirin dünyadan xəbəri yoxdurmu? Sən kimsən saytımı bağlayırsan? Hara baxırsan və niyə tədbir görmürsən?

Bu, sonuncu sözümdür və cənab prezident xaricdən qayıtdıqdan sonra məsələni onun diqqətinə çatdıracam ki, onu müdafiə edən sayta məmurlar kiber hücumlar təşkil etdirir.

Çünki bu gün prezidentdən “donos” yazdıranlar, müxalifətlə birləşib “saman altdan” iş görənlər, Qəniməd Zahid kimiləri maliyyələşdirənləri ifşa etmişik.

Bu da onları qorxuya salıb. Saytın yiyəsi ölməyib ki, onu bağlasınlar. Azərbaycanda media azadlığı var, prezident mətbuata dəstək verir və buna qarşı gedənlər bizi görəcəklər. Biz kəfənimizi geyinib meydana çıxmışıq”.

MMP sədri onu da əlavə edib ki, həmin qüvvələr prezident xaricdə uğurlu layihələrə imza atarkən erməni qohumları ilə təmasa keçib cəbhə xəttində vəziyyəti gərginləşdirib: “Onlar 5-ci kolon üzvləridir və Azərbaycana qarşı iş aparır”.


Digər xəbərlər

0.27690196037292