Karateçilərimizdən rekord nəticə - Fotolar

12:53 10-02-2020 | icon 4303
Karateçilərimizdən rekord nəticə - Fotolar

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından daxil olan məlumata görə, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komanda ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.

 





Digər xəbərlər

0.33582019805908