"Bura kiminsə arxasında gizlənərək gəlmədik" - MÜSAHİBƏ - FOTOLAR

11:42 09-03-2020 | icon 4309

Bu gün Azərbaycanın idman mətbuatında öz dəst-xətti və çəkisi ilə fərqlənən Sport24.az saytının yaradılmasından 3 il keçir. Əlamətdar gün münasibətilə Sportnet.az bu saytın təsisçisi və baş redaktoru Ceyhun Əliyevdən müsahibə alıb.

Azeripress.az həmin müsahibəni təqdim edir:

- Düşünmürsünüz ki, Sport24.az sizin üçün yeni doğulmuş körpə yox, Fatih Terim demiş, "Harada qalmışdıq?" düşüncəsi ilə ortaya çıxan məhsul oldu? O mənada ki, artıq sizin də, saytı sizinlə birgə quran redaktor Mehman Süleymanovun da idman mediasında yetərincə iş təcrübəsi var idi...
- İlk növbədə, həmkar dəstəyinə görə Sport24.az adından təşəkkür edirik. Sportnet.az həmişə bizim üçün doğma olub. Bu, heç kimə sirr deyil. Şükür Allaha, onun bünövrəsində də dayanmışıq. "Harada qalmışdıq?" məsələsində müəyyən mənada tam haqlısınız. Bu, bir həqiqətdir və doğrudan da belə oldu. Eyni zamanda, məsələnin o biri tərəfi də var. Bəli, yetərincə təcrübəyə malik idik. İncəliklərə vardıq, müəyyən təhlillər apardıq. Biz planlaşdırırdıq ki, nə vaxtsa zaman yetişsin, bunu bacaraq, Sport24.az-ı ərsəyə gətirək. Qismət 2017-ci ilə təsadüf etdi. Əlbəttə, istənilən layihənin əvvəli çox ağır olur. Amma bizim nə qədər zəhmətimiz oldusa, ətrafımızda böyük-böyük, zəngin təcrübəyə sahib mətbu orqanların rəhbərləri yer aldı. Onların arasında ilk növbədə, Sportnet.az-ı, "Futbol+"i qeyd etmək istərdim. Harada olsaq da, bu mətbu orqanlara müsbət mənada əl uzatmışdıq. Onlar o yaxşılığı, o dostluğu tapdamadılar. Əksinə, bizə gözlədiyimizdən də artıq dəstək verdilər. Bizi özlərinin dostu adlandıraraq, idman jurnalistikasında zəhmətimizin olduğunu vurğuladılar və "Bu gün də biz sizin yanınızdayıq" dedilər. Həqiqətən də çox sevindirici oldu. Hər bir peşəkar jurnalist işə başlamağın nə dərəcədə ağır və çətin olduğunu yaxşı bilir. Çətin məqamda yanımızda oldular. Narazılıq etməyə zərrə qədər də haqqımız çatmır. Bu gün sayt ayağa qalxıb, artıq 2020-ci ildir və saytımızın 3-cü ildönümüdür. Amma ilk günlər bizim yanımızda kimlərin olduğunu heç vaxt unutmuruq.

- İdman mediasına elə bir vaxtda gəldiniz ki, necə deyərlər, artıq gəlirlə fəaliyyət göstərmək yetərincə çətinləşmişdi. Bu mənada marketinq təcrübəniz saytı ilk gündən ayaqda saxlamaqda nə dərəcə rol oynadı?
- Mehman Süleymanovun zəhməti heç vaxt danılmayacaq. Amma marketoloji təhlillər sırf mənim sahəm idi. İkinci ali təhsil ixtisasım mikroiqtisadiyyatla bağlıdır. Bu sahə mənə o dərəcədə doğmadır ki, özümə tam arxayın idim. Təhlillərin öz işini görəcəyinə şübhəm yox idi. Amma bunu da etiraf etməliyəm: Daxilən həyəcanlanır, çəkinir və ciddi şəkildə ilk və son şansımın olduğunu başa düşürdüm. Yəni, ya sübut edəcəkdim ki, doğrudan da nəyisə hasil edib ortaya çıxara bilərəm, ya da bu mediada ümumiyyətlə yoxam. Belə bir termin var: "Böhran menecmenti". İstənilən biznes layihəsində ən ağır dönəm olur. Bu, iqtisadiyyatda ən uğurlu dövr sayılır. Ona görə ki, ən güclü layihələr məhz böhran menecmentində ərsəyə gəlir. Belə məqamda özünü sübut edirsənsə, səninlə əməkdaşlıqda hamı maraqlı olur. Bilirdim ki, ən çətin məqamda meydana çıxan istənilən layihə yaxşı mənada uğura məhkumdur. Buna "Veni, vidi, vici" ("Gəldi, gördü, qələbə qazandı") deyirlər. 3 il həqiqətən də bir göz qırpımında keçdi. Sevinirik ki, bacardıq. Amma eyni zamanda, göydə Allah, yerdə sırf peşəkar həmkarlar gördülər ki, biz əziyyətlə, dişimiz-dırnağımızla gəldik. Bu sahədə elitar yerimizi tutmaq üçün kiminsə hesabına, kiminsə arxasında gizlənərək gəlmədik. Gəldik, ona görə ki, sırf Azərbaycan adına çalışaq. Biz idmanın təbliğatını sırf xarici mətbuata, xaricdə keçirilən hansısa tədbirə bağlamadıq. Bizim üçün bir nömrəli məsələ Azərbaycan olub. Bu Vətən uğrunda hər zaman, hər şeyi ortaya qoyacağıq. Yenə deyirəm: Bu sahədə nə qədər mənim zəhmətim varsa, bir o qədər də el arasında "Mişa" kimi tanınan Mehman Süleymanovun əziyyətini vurğulamalıyam.

- Belə inadkarlığınız haradan qaynaqlanırdı?
- Bir əhvalat danışmaq istərdim: 1989-cu il idi, şahmatda ən böyük uğurlarımı qazanırdım. Həmin vaxt məktəbli idim. Atam isə ürək xəstəsi idi, Bilgəh Kardioloji Sanatoriyasında müalicə alırdı. Elə oradan zəng etdi. O vaxtlar mobil telefon yox idi, şəhər telefonu ilə anamla danışdı. Sonra "Telefonu Ceyhuna ver" deyib mənimlə söhbət etdi. Hər həftəsonu atamın yanına gedirdim. Anam atama yemək hazırlayır, mən isə aparırdım (kövrəlir - red.). Atam "Bura nə vaxt gələcəksən?" deyə soruşdu. Həmişə ora saat 11-12-də gedirdim. Bu dəfə isə atam "Çalış, tez gəl" söylədi. Getdim və özü məni avtobusdan düşəndə qarşılayaraq, birbaşa "Qırmızı guşə"yə apardı. Orada bir qadın kişi ilə şahmat oynayırdı, ətraflarına isə 40-dək insan toplaşmışdı. Atamı gördükdə hamı bir qədər aralandı. Kişi isə qadını uddu. "Əlisahib müəllim, siz oturun" deyə atama udanla oynamağı təklif etdilər. Atam isə məni göstərərək, "Qoy, bu uşaq oynasın" söylədi. Mən əvvəlcə qadın şahmatçı ilə oynadım və qalib gəldim. Daha sonra bu qadına qalib gələn kişi ilə qarşılaşdım. Çox ağır partiyanın yekununda onu da uddum. Kişi şahmatçı daha bir partiya oynamağımı tələb etdi. İcazə verdilər və mən oynayaraq, yenə qələbə qazandım. Mənim üçün ən unudulmaz xatirə o oldu ki, insanlar atama "Siz oturun, oynayın" dedikdə, cavab belə oldu: "Ehtiyac yoxdur, oynamayacağam". Demə, həmin o kişi özümlə görüşdən iki gün əvvəl mənə vaxtilə şahmatı öyrətmiş atamı udubmuş. Məni Kardioloji Mərkəzə çağırarkən, atam özüm də bilmədən, həmin kişidən qisas almağımı istəyirmiş (yenidən kövrəlir - red.). Mən də uddum. Amma sonu heç də sevindirici olmadı. Qalib gəldiyim şəxsin ürəyi tutdu, onu təcili yardımla apardılar. Mən isə bu gün də fəxr edirəm ki, Əlisahib Əliyevin oğluyam!

- Sport24.az-dan əvvəl uzun illər öncə Livesport.az adlı saytınız da var idi. Amma həmin saytın fəaliyyəti qısa çəkmişdi. Halbuki futbolda böyük pulların və böyük reklam gəlirlərinin olduğu vaxtda qurulmuşdu. Niyə o saytın fəaliyyəti uzun çəkmədi?
- Çox düzgün, çox ədalətli və tənqidi, eyni zamanda yerinə düşən sualdır. Cavabı isə uzun olmayacaq. Çünki məsuliyyəti yalnız mənim üzərimdədir, səhvlər mənim olub. Bəli, belə bir layihə var idi. 2009-cu il yanvarın 28-də elan etmişdik. Doğrudan da o dövr ideal, əla bir vaxt idi. Amma mən ideologiyaları, idarəetməni düzgün təhlil etməmişdim. Bu gün də etiraf edirəm ki, o saytı yaradarkən, hələ bişməmişdim. Həmçinin, düzgün yanaşmamışdım. Orada bir nüans var idi: Mən təcrübə yığmalı idim. Hesab edirəm ki, Livesport.az-ın yaşamamasının ən böyük günahkarı elə özüməm. Başqa heç kimi günahkar saya bilmərəm. Çünki orada məsuliyyət mənim üzərimdə idi. Alınmadısa, deməli, hələ bişməmişdim, təcrübəm çatmırdı. Həm də yəqin ki, yanımda Mehman Süleymanov kimi silahdaş yox idi. Bəlkə elə səbəb də, sirr də bu olub. Amma zərrə qədər heyfsilənmirəm. Çünki ötən dövrdə bişdim, böyüdüm və nələrdə səhv etdiyimi başa düşdüm ki, bir daha təkrarlamayım. Bu gün dəqiqliklə bilirəm ki, Sport24.az Azərbaycanda futbolla maraqlanan hər kəsin oxuduğu saytdır.

- Ötən il Sportnet.az-ın 5 illiyi ərəfəsində məndən müsahibə aldığın vaxt "Özünü media maqnatı sayırsınız" deyə sual vermişdiniz. İcazənizlə, indi o sualı mən sizə ünvanlayım...
- Həmişə açıq söhbətin tərəfdarı olmuşam. Bəli, o sualı səsləndirən mən olmuşdum. Sualın və cavabın məsuliyyətini başa düşərək, vermişdim. Amma ürəyimdə bir kiçik qığılcım da var idi ki, kaş, bu sual nə vaxtsa mənə də verilsin. Mən media-maqnatlarla fəxr edirəm. 10 oğlan çıxır bir saytı ərsəyə gətirə bilmir. Amma şərti olaraq, bir oğlan 10 saytı təmsil edərək, ortaya nə isə qoyursa, bununla fəxr etməliyik. Hər birimiz qəbul edirik ki, jurnalist olaraq, bişməyimizdə "Futbol+" qəzetinin böyük rolu olub. Bu qəzet bizi yetişdirib.

- Media maqnatı deyərkən, Football24.az-ın da yaranmasını nəzərdə tuturduq. Niyə Sport24.az-ın rus bölməsindənsə, ayrıca sayt yaratmağa qərar verdiniz?
- Noyabrın 7-də bu saytın 1 yaşını qeyd edəcəyik. Bayaq da dediyim kimi, marketinq baxımından çox dəqiqliklə təhlil aparmışam. Bir çox dost sayt olub ki, ikinci dili də ərsəyə gətiriblər. Amma zaman bunun səhv addım olduğunu və eyni hostinqlə alınmadığını göstərib. Təxmini hesablamama əsasən, Football24.az-dan 6 - 12 aylıq bölümdə ziyan çəkəcəyəm. Amma bəli, mən özümü media maqnatı sayıram! Fəxr edirəm ki, Azərbaycanın idman, xüsusən də futbol mediasında iki dildə saytın təsisçisi və baş redaktoruyam. Onu da qəbul edirəm ki, çox əziyyətli işdir. Hər dəfə addım-addım irəli getdikcə başa düşürəm ki, sizin üçün də bu, nə dərəcədə ağırdır. Zaman göstərir ki, ikinci saytı açanda gecə yarısında da, gecə saat 4-də də, səhər saat 9-da da - hər zaman iş başında olmalıyıq. Mən bununla fəxr edirəm. Bunu da göz önünə almışdım ki, Azərbaycan idmanının, ölkə futbolunun və ümumiyyətlə, Azərbaycanın təbliğatını aparmaq üçün rus versiyasına da ehtiyacımız var. Çünki biz Azərbaycan naminə xaricdə tanınmalı, təbliğ olunmalıyıq. Bu dünyanı heç kəs tutub durmayacaq. Amma yarım əsr sonra hansısa gənc jurnalist deyəndə ki, Football24.az saytında bir yazı çıxmışdı, ona "Sport-Ekspress", "Sovetskiy Sport" və ya Belarus, Qazaxıstan, Moldova mətbuatında yer verilmişdi, sümüklərimiz oynayacaq. Elə bizim sümüklərimizin oynaması üçün bu sahəni sevən jurnalistlər bu işi də görəcəklər. Azıq, amma güclüyük.

- Sport24.az-ın qarşıdakı planları və bütövlükdə idman mediasının durumu ilə bağlı düşüncələriniz necədir?
- Plan sadədir: Biz idman mediamızı çoxlu yox, məhz güclü görmək istəyirik. Ən böyük arzum odur ki, nə zamansa bir neçə saatlıq da olsa, Azərbaycan millisinin Avropa və ya dünya çempionatının final mərhələsindəki oyunu barədə canlı reportaj hazırlayım. Nəhayət, Azərbaycan İdman Jurnalistləri Federasiyası yaranıb. Bu federasiyada təmsil olunanların - istər İdarə Heyəti, istərsə də komissiya üzvləri olsun, hər biri ilə razılaşmıram. Eyni zamanda ideya olaraq, təşəbbüskarlar o dərəcədə fədailərdir ki, bunların hamısını idman mediasını durumuna bağlayıram. Bilirəm ki, onların böyük əksəriyyəti idman mediasının peşəkarlığına çalşır. Onu da başa düşürəm ki, məhz bu sualın cavabından sonra kimlərsə küsəcək. Amma gəlin, suala peşəkarcasına cavab verək: Bizə say, həvəskarlar lazım deyil. Bizə 10-12 status yazıb hansısa məqamda "Mən də jurnalistəm" deyə qışqıran insan lazım deyil. Bizə sosial media ilə peşəkar media arasında fərq qoyan insanlar lazımdır. Çünki sosial media sadəcə azarkeş mediasıdır. Mən çox-çox əminəm ki, Azərbaycanda idman mediası çiçəklənəcək. Çoxlu müqayisə aparmışam. Mayda idman jurnalistikasında 20-ci ilimə keçəcəyəm. Sevə-sevə təkrarlayıram ki, Azərbaycanın idman mediasında yetərincə peşəkar simalar, güclü jurnalistlər var. Rusca təhsil almış jurnalist kimi deyirəm ki, Rusiya, Ukrayna, Belarus, Baltikyanı ölkələr və Orta Asiyada bizə həsəd aparacaq səviyyədə jurnalist yetişdirirlər. Bizdə jurnalistika həqiqətən də güclüdür. Amma söhbət ümumi saydan yox, 10-12 güclü əjdaha başından gedir. Onlar həqiqətən də var. Adlarını çəkib-çəkməməyimlə heç nəyi dəyişməyəcəyəm. Sadəcə, hər kəs gözəl başa düşür ki, bu gün Azərbaycan idman mediasında güclü jurnalistlər var. Ola bilər ki, bura daha 10 və ya 20 nəfər də əlavə olunsun. Amma söhbət peşəkarlardan gedirsə, başımla cavabdehəm ki, Azərbaycanın idman mediası bu gün Türkiyəyə ümumiyyətlə, meydan oxuya, Rusiya ilə ayaqlaşa bilər. Çox sevinirəm ki, hələ 1 yaşı olmayan Football24.az saytının materialı 17 xarici media orqanında istinadla çıxıb. Bunun davamı gələcək, idman jurnalistikası çiçəklənəcək. Bu sahəyə güvənir, bu sahəni çox sevirəm, öz doğma balam kimi. Zərrə qədər də pessimist yanaşmam yoxdur. 



Digər xəbərlər

0.30133986473083