Prezident Şavkat Mirziyoyevə təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə məktub göndərib. Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Cari ilin 12 iyul tarixində Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi birləşmələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinə zərbələrin endirilməsi ilə bağlı göstərişlər vermişdir.
Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Məhz bu səbəbdən qeyd olunan hadisə adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir. Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.
Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Türk Şurasının 2020-ci il 14 iyul tarixli bəyanatına görə Sizə həm öz adımdan, həm də Azərbaycan xalqı adından təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...