“Özümə heç kimi rəqib görmürəm” - MÜSAHİBƏ

23:54 20-09-2020 | icon 2570
“Özümə heç kimi rəqib görmürəm” - MÜSAHİBƏ

Bu alətin görkəmi, səsi mənə həmişə maraqlı olub. Amma dediyim kimi, ailəm məni piano ifaçısı kimi görmək istəyirdi. Yaşım artdıqca istedadımın klarnetdə daha çox olduğunu hiss etdim. İstəyimin dalınca getdim. Düzdür, getdiyim yolda çətinliklərlə də qarşılaşdım, amma geri dönmədim və dönmək fikrim də yoxdur

Azeripress.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Nərgiz Eminova “Ədalət qəzetinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

“Qabiliyyət imtahanından azad edilmişəm”

-Bildiyim qədərilə ölkəmizdə yeganə qadın klarnet ifaçısınız. Varmı məsuliyyət?

-Bəli, təbii ki, var. Ötən illərə nəzər salsaq, hazırda məsuliyyətin daha çox olduğunu da deyə bilərəm hətta. Zaman keçdikcə, tanındıqca məsuliyyət artır. Ölkəmizdə bu sənətə olan maraq mənə çox həvəs verir. Qısa zaman kəsiyində çox insanın diqqətində olmuşam. Təbii ki, bu hal məsuliyyət hissi yaradır. Ümumiyyətlə, bu sənət fədakarlıq tələb edir. Allahın izni ilə sənətin yüksək zirvəsinə də çataram.

-Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına imtahansız qəbul olmusunuz...

-Bəli, imtahansız qəbul olmuşam. İlk olaraq onu deyim ki, Bülbül adına orta ixtisas məktəbini bitirmişəm. Kiçik yaşlarımda piano üzrə təhsil almışam. Lakin buna baxmayaraq həvəsim klarnetə idi. Klarnetə olan həvəsimi boğa bilmədim və istəyimin ardınca getdim. Məktəbimizin direktoru Xalq artisti Teymur Göyçayevə yaxınlaşıb klarneti sevdiyimi dedim. Çox sağ olsun, mənə kömək etdi. Əvvəlcə fakültətiv klarnet ixtisası üzrə təhsil aldım. 6 ay sonra imtahan verdim və Teymur müəllim məni bəyəndi. Artıq 10-cu sinifdə oxuyanda ixtisasım klarnet idi. Daha sonra Teymur Müəllim məni orkestrinə dəvət elədi. İmtahansız qəbul olmağıma qalanda isə test imtahanlarını vermişəm, yalnız qabiliyyət imtahanından azad edilmişəm. Musiqi Akademiyasına daxil olub 2019-cu ildə buranı qırmızı diplomla bitirdim.

“Yeni bir tarix yazmaq istəyirəm”

-Deməli, sevginiz sizi klarnetə yönləndirdi...

-Təbii ki. Bu alətin görkəmi, səsi mənə həmişə maraqlı olub. Amma dediyim kimi, ailəm məni piano ifaçısı kimi görmək istəyirdi. Yaşım artdıqca istedadımın klarnetdə daha çox olduğunu hiss etdim. İstəyimin dalınca getdim. Düzdür, getdiyim yolda çətinliklərlə də qarşılaşdım, amma geri dönmədim və dönmək fikrim də yoxdur. Mənə çox sual verilir ki, bu sənətdən uzaqlaşarsanmı? Mən isə həmişə deyirəm ki, mümkün deyil. Bu sənətdən kənarda özümü təsəvvür edə bilmirəm.

-Daha çox Azərbaycan, yoxsa dünya əsərlərini ifa edirsiniz?

-Həm Azərbyacan, həm də dünya əsərlərini ifa edirəm. Repertuarım həm fərqlidir, həm zəngindir. Bu iki amilə-zənginlik və fərqliliyə daha çox üstünlük verirəm. Onu da deyim ki, dünya və Azərbaycan musiqilərinin sintezini də edirəm.

-“Tarixin yaddaşında yaşamaq istəyirəm”...

-Bu cümlə mənə tanışdır. Keçən müsahibəmdə söyləmişdim. Hətta başlıq da bu cümlə idi. Hədəflər içərisində ən gözəli budur. Daha böyük hədəf düşünmürəm. Tarixin yaddaşında yaşayıb yeni bir tarix yazmaq istəyirəm.

-Müəllimlərinizdən söhbət açaq. Özünüzü kimlərə borclu sayırsınız?

-Bülbül adına orta ixtisas məktəbində klarnet müəllimim Anar Məmmədov olub. Mənə klassikanı, klarneti dərinliklərinə qədər o öyrədib. Bu gün klarneti peşəkar ifa edə bilirəmsə, ona borcluyam. Üzərimdə əziyyəti çox olub. Musiqi Akademiyasında da müəllimim o olub.

“Pandemiya musiqiçilər üçün çətinlik yaratdı”

-Musiqiçilər arasında tez-tez intriqalar baş verir. Sizdə necə?

-Suala belə cavab verim, hazırda klarnet ifaçıları arasında özümə heç kimi rəqib görmürəm. Ümumi musiqiçilərə qalanda isə orada da eyni vəziyyətdir. Kimsəni özümə rəqib bilmirəm. Əksinə onlardan öyrənirəm.

-Hazırda dolanışığınız necədir?

-İnsan hər gününə şükür etməlidir. Ən azından yeməyə çörəyimiz var, nəfəsimiz gedib-gəlir, canımız sağdır, Allaha çox şükürlər olsun. Allah tezliklə pandemiya bəlasını dünyanın üzərindən qaldırsın. Pandemiya bütün musiqiçilər üçün çətinlik yaratdı. Düzdür, mənim valideynlərim dəstək olur, bir o qədər də çətinlik yaşamıram. Sadəcə toylar olmadığına görə qazancımız da yoxdur.

“Müğənniləri dinləməyə üstünlük vermirəm”

-Flora xanım Kərimova, Zeynəb xanım Xanlarova, İlhamə xanım Quliyeva... Bu müğənnilərdən hansısa qulaq asmaq sizə xoşdur?

-Hər üçünün gözəl əsərləri var. Allah İlhamə xanıma rəhmət eləsin. Flora xanım və Zeynəb xanıma isə can sağlığı arzulayıram. Düzünü desəm, Zeynəb xanım Xanlarovaya daha çox qulaq asıram. O xanımın repertuarı daha zəngindir. Ona qulaq asıb bəhrələndiyim mahnılar da olub. Bir neçə mahnısını klarnetdə də ifa etmişəm.

-Bəs cavan müğənnilərdən kimləri dinləyirsiniz?

-Cavan müğənnilərə qalanda isə deyim, mən müğənniləri dinləməyə bir o qədər də üstünlük vermirəm. Bəlkə də, insturmental ifaçılıqda olduğumdan irəli gəlir ki, daha çox bu yöndə olan mahnıları dinləyirəm.

-Röya Ayxan, Damla, Səidə Sultan, Natavan Həbibini də dinləmirsiniz?

-Adlarını çəkdiyiniz müğənnilər arasında daha çox Röyanı dinləmişəm. Digərlərinə də hardasa, ya toy məclisində, ya başqa yerdə qulaq asmışam, amma ən çox Röyanı dinləmişəm. Mahnıya qulaq asmaq insanın əhvalına bağlı olan bir haldır. Bəzən elə anlar olur ki, insan nəinki mahnı, heç səs belə eşitmək istəmir. Bəzən də elə olur ki, sevmədiyin bir müğənninin musiqisini dinləyirsən, sənə xoş gəlir.

“Arzular bitib-tükənməzdir”

-Karantindir, toylara getmirsiniz. Yəqin ki, çoxdandır, klarnetdə ifa etmirsiniz. Sonuncu dəfə hansı musiqini səsləndirmisiniz?

-Klarnetdə ifa etməyimin toylara heç bir aidiyyatı yoxdur. Məşqlər edirəm, üzərimdə çalışıram. Əslində karantin bir fürsətdir ki, nələrisə ortaya çıxarasan, araşdırıb öyrənəsən. Əvvəllər toylara görə nələrisə araşdıra bilmirdik, vaxtımız olmurdu. Amma indi fürsətdir. Evdə oturub məşqlərimi edirəm. Sözüm ondadır ki, klarnetdə ifa etməyimin toylarla heç bir bağlılığı yoxdur.

-Hansı arzunuzun həyata keçməsini istəyirsiniz?

-Arzular bitib-tükənməzdir. İnsan yaşadığı müddətdə bir şeyi istəyir, əldə edir, sonra başqa bir şey istəyir. Dediyim kimi, bitib-tükənmir. Mənim də hər kəs kimi özümə məxsus istəklərim, arzularım, qarşıma qoyduğum məqsədlərim var. Bu müsahibədə onu qeyd etmək istəyərdim ki, ən böyük arzum sənətimdə çox irəlidə olmaqdır. Yurdumuz çox gözəl sənətkarlar yetişdirib, Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqomayev və digərləri kimi. Biz, musiqiçilər də bu sənətkarlardan bəhrələnirik. Arzum budur ki, gələcəkdə adım gözəl sənətkarlarla bir sırada çəkilsin.


Digər xəbərlər

0.26028919219971