Könül Nurullayeva: Dünya ərazilərimizdəki bərpa ilə tanış olduqca erməni yalanları ifşa olunacaq

01:55 28-01-2021 | icon 2233
Könül Nurullayeva: Dünya ərazilərimizdəki bərpa ilə tanış olduqca erməni yalanları ifşa olunacaq

"İşğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir. Dirçəliş konsepsiyasının icrası azad olunmuş bölgələrimizin qısa vaxtda inkişaf etmiş zonaya çevrilməsinə hesablanıb. Bütün bölgələrdə müasir sosial-iqtisadi infrastruktur yaradılacaq. Azərbaycan dövləti bu istiqamətdə bütün imkanlarını səfərbər edib".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

"Təbii ki, Qarabağın incisi, mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi əsas prioritetdir. Artıq Prezidentin Şuşada xüsusi nümayəndəsi də təyin edildi. Bərpa prosesi bundan sonra daha sistemli şəkildə aparılacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bu illər ərzində ermənilər Şuşanı dünyaya erməni şəhəri kimi təqdim etmək istiqamətində çalışsalar da, buna nail ola bilmədilər. Şuşa hər zaman Azərbaycana məxsus olub, ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar", - deputat qeyd edib.

K.Nurullayeva vurğulayıb ki, Şuşa məhz rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndi və azadlığına qovuşdu: "Düşmənin bu vaxta qədər Şuşa başda olmaqla digər ərazilərimizdə törətdiyi vandallıq aktları da təsdiqləyir ki, bu ərazilərin tarixi baxımdan ermənilərə heç bir aidiyyəti olmayıb. Azərbaycan Qarabağın sosial-iqtisadi inkişafı üçün mövcud imkanları düzgün dəyərləndirməklə regionda yeni inkişaf zonası yaradacaq. Biz Şuşanın qədim Azərbaycan şəhəri kimi dünyaya tanıdılması istiqamətində çalışacağıq".

"Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatın keçirilməsi ilə bağlı tapşırığı olduqca vacibdir. Çünki ermənilərin bu vaxta qədər və 44 günlük Vətən müharibəsindən sonra apardığı saxta məlumatlara əsaslanan təbliğatının qarşılığında biz dünyaya tarixi həqiqətləri daha geniş miqyasda çatdırmalıyıq. Beynəlxalq ictimaiyyət bərpa işləri ilə məlumatlandıqca həm də Şuşanın orijinal siması ilə yaxından tanış olacaq, bu tarixi şəhərin azərbaycanlılara və Azərbaycana məxsusluğuna bir daha əmin olacaq. Beləliklə, ermənilərin bu vaxta qədər həyata keçirdiyi yalan təbliğat ideologiyası növbəti dəfə ifşa olunacaq", - deputat əlavə edib.


Digər xəbərlər

0.26479721069336