Elnur Məmmədli şəhidin qardaşına iş söz verdi

22:48 10-02-2021 | icon 2058
Elnur Məmmədli şəhidin qardaşına iş söz verdi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri şəhid idmançıların ailələrini ziyarət ediblər.

Görüşlərdən biri alpaqut döyüş sənəti üzrə Azərbaycan Kubokunun qalibi, Azərbaycan və dünya çempionu İlkin Məmmədovun yaşadığı Abşeron rayonunun Saray qəsəbəsindəki mənzilində gerçəkləşib.

Görüşdə Nazirliyin sektor müdiri Nicat Həsənov, cüdo üzrə olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qatılıb.

Atası İbrahim Məmmədov bildirib ki, İlkin Məmmədov hərbi xidmətini Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən "Dəniz pişikləri"nin tərkibində keçib. O, Ordudan təxris olunduqdan sonra alpaqut idmanı növündə müxtəlif yarışlara qatılaraq xeyli medal və mükafat əldə edib. İ.Məmmədov təkcə ölkə daxilində deyil, beynəlxalq yarışlarda da fəxri kürsüyə yüksəlməyi bacarıb. Ən böyük nailiyyəti isə dünya çempionluğu olub.

İ.Məmmədov 2020-ci ilin avqustundan xüsusi təyinatlıların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi təlimlərə başlayıb, sentyabrın 27-dən isə Vətən müharibəsinə qatılıb. Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak etmiş idmançı noyabrın 2-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Hazırda onun həyat yoldaşı, 2 azyaşlı övladı, qardaşı və valideynləri kiçik və şəraitsiz mənzildə yaşayırlar. Görüşdə bildirilib ki, əslən Füzulidən olan ailə məhz İlkin Məmmədovun idmanla daha yaxşı məşğul ola bilməsi üçün Saray qəsəbəsinə köçüb. İbrahim Məmmədov I Qarabağ müharibəsində iştirak etdiyini söyləyərək oğlunun işğaldan azad olunan torpaqların azad olunmasındakı roluna görə qürur duyduğunu vurğulayıb. O da bildirilib ki, şəhidin qardaşı Elvin Məmmədov xeyli müddətdir işsizdir. Onun işə düzəlməsi üçün dəfələrlə müxtəlif qurumlara müraciət olunsa da, müsbət cavab alınmayıb.

Müdafiə Sənayesi Nazirliyində çalışan Elnur Məmmədli Elvin Məmmədovun işə düzəlməsinə çalışacağını diqqətə çatdırıb. Nicat Babayev də təmsil etdiyi nazirliyin bu istiqamətdə əlindən gələni əsirgəməyəcəyini söyləyib.


Digər xəbərlər

0.28413391113281